Konstitusiya
Konstitusiya və ya Anayasa[1] — dövlətin ali qanunudur. Ali hüquqi qüvvəyə malikdir. Dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir. Vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir.
Etimologiya
[redaktə | mənbəni redaktə et]"Konstitusiya" sözündən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının vahid halda birləşmiş adını ifadə etmək məqsədilə istifadə olunmuşdur. Bu söz həmin dövrdə dövlətin təməl quruluşunu deyil, imperatorun xüsusi fəaliyyətini, əmrlərini ifadə etmək mənasında işlədilmişdir.
"Konstitusiya" sözü "yaranmaq", "təşkil etmək", "meydana gətirmək", "qurmaq", "təsis etmək", "bərqərar etmək" mənalarını ifadə edən fransız dilindəki "constituer" felindən törəyən bir isimdir. Bu məntiqdən çıxış etsək, "constitution" sözü Azərbaycan dilində də "yaranma", "təşkil etmə", "meydana gətirmə", "qurma", "təsis etmə", "bərqərar etmə" kimi başa düşülməlidir. Fransız dilindəki "constituer" feli latınca "qoymaq", "yerləşdirmək", "meydana gətirmək", "təsis etmək" mənalarını verir.
"Constituer" feli latınca "com" önsözü və "statuere" felindən yaranmışdır. "Com" ("Cum") latınca "ortaqlıq", "birlikdə" anlamını daşıyan bir sözönüdür. "Statuere" feli isə Hind-Avropa dilləri ailəsində "sta" sözünün kökündən gəlir və mənası "qoymaq", "yerləşdirmək", "təşkil etmək", "sabitləşdirmək", "dayandırmaq" mənalarını verir.
Mahiyyəti
[redaktə | mənbəni redaktə et]Müasir dövrdə hüquqi termin kimi işlədilən "konstitusiya" sözü dövlətin ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan ali qanunvericilik aktı mənasında işlədilir və bu akt şəxsiyyət, cəmiyyət və dövlətlə bağlı ən mühüm münasibətləri tənzimləməklə yanaşı, dövlətin konstitusion quruluşunu, xalq hakimiyyəti və dövlətin əsaslarını təsbit edir, eləcə də ölkənin iqtisadi, siyasi, sosial, hüquqi, ideoloji və əxlaqi xüsusiyyətlərini əks etdirir. Bundan başqa, dünya dövlətlərinin konstitusiyaları dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini, dövlət hakimiyyətinin və dövlət idarəçiliyinin başlıca müddəalarını, məhkəmə hakimiyyətinin sistemini, vətəndaşların, ictimai təşkilat, birlik, müxtəlif qurumların hüquq və azadlıqlarını müəyyən edir.
Konstitusiya dövlətin bir fenomen kimi mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə orqanlarının funksiyalarını əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik olan hüquqi sənəddir.
Konstitusiya hakimiyyətin əldə edilməsinin sivil və ümumqəbul olunmuş yolunu müəyyənləşdirir, hakimiyyətin sosial subyektlər arasında paylanmasının əsaslarını və məqsədlərini, üsullarını müəyyən edir. Konstitusiya cəmiyyətin bütün üzvlərinin hüquqi statusunun əsasını müəyyən edir və bununla da dövlətlə fərd arasındakı əlaqələrin ümumi konturlarını cızır. Konstitusiya bütün ölkədə norma yaradıcılığının əsaslarını, qanunvericilik sistemini formalaşdırır və bütün qanunvericilik sisteminin başında durur.
Dünyada ilk konstitusiya 1787-ci ildə ABŞ-də qəbul olunmuşdur. Sonralar qəbul edilmiş konstitusiyaların dünya dövlətləri üzrə xronoloji ardıcıllığı aşağıdakı kimidir: Fransa (1791), İsveç (1809), İspaniya (1812), Norveç (1814), Belçika (1831), İsveçrə (1848), İtaliya (1848), Prussiya (1848–1850), Danimarka (1849), Lüksenburq (1849), Yunanıstan (1864), Rumıniya (1866), Osmanlı İmperiyası (1876), Hollandiya (1887), Yaponiya (1889) və s.
Struktur
[redaktə | mənbəni redaktə et]Dünya dövlətlərində qüvvədə olan konstitusiyalar, bir qayda olaraq, aşağıdakı hissələrdən ibarət olur:
1. Başlanğıc – preambula;
2. Ümumi müddəalar – əsas prinsiplər;
3. Dövlətin əsas orqanları; A. qanunverici, B. icraedici, C. məhkəmə.
4. Digər maddələr;
5. Konstitusiyanın dəyişdirilməsi və ona əlavələr edilməsi;
6. Keçid müddəalar.
Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Konstitusiyanın xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
1) Konstitusiya xalq tərəfindən qəbul edilir. Azərbaycan Konstitusiyası referendum yolu ilə Azərbaycan xalqı tərəfindən qəbul olunmuşdur.
2) Konstitusiya təsisedici xarakterə malik olub konstitusion nizamasalma predmetinin hərtərəfliliyi ilə fərqlənir. O, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı əsas əlaqələrin özəyini təşkil edir. Konstitusiya çox geniş və mürəkkəb olan sosiassiyasi sistemin əsaslarını müəyyənləşdirir. Onun bir norması bəzən bir neçə sahə üçün çıxış nöqtəsi rolunu oynayır. Məsələn, mülkiyyət hüququ mülki hüquq sahəsinin, əmək hüququ əmək hüquq sahəsinin çıxış nöqtəsini təşkil edir.
3) Konstitusiya bütün hüquq sisteminin başlanğıcı kimi hüququn əsas mənbəyidir. Cari qanunvericilik Konstitusiyaya əsaslanır və cari qanunvericilikdə Konstitusiya müddəaları əsas götürülür.
4) Konstitusiya yüksək hüquqi qüvvəyə malik olan Əsas Qanundur. Konstitusiyanın aliliyi onda təzahür edir ki, bütün qanunlar və dövlət orqanlarının digər aktları onun əsasında və ona uyğun olaraq qəbul edilir. Konstitusiyanın müddəalarının pozulmazlığının təmin olunması üçün ciddi qaydaları özündə ehtiva edən xüsusi rejim vardır. Konstitusiyanın aliliyinin təmin olunması üçün xüsusi olaraq yaradılan konstitusion orqan – Konstitusiya Məhkəməsi bütün qanunvericilik sisteminin, konstitusiya hüquq münasibətlərinin subyektlərinin fəaliyyətinin konstitusiyaya uyğunluğuna nəzarət edir.
Hüquqi xassələri
[redaktə | mənbəni redaktə et]Konstitusiyanın hüquqi xassələri aşağıdakılardır:
1. Legitimlik xassəsi. Legitimlik dedikdə, konstitusiyanın xalq tərəfindən ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi başa düşülür.
2. Reallıq xassəsi. Reallıq xassəsinə aşağıdakılar daxildir:
— Konstitusiyanın müddəaları nizama saldığı ictimai münasibətlərin xarakterinə uyğun gəlməlidir;
— Konstitusiyanın müddəaları konkret tarixi, siyasi, etnoqrafik, iqtisadi şəraiti nəzərə almalıdır;
— Konstitusiyanın müddəaları sosial nəticələri qabaqcadan görməlidir;
— Konstitusiyanın müddəaları real təminat verməlidir.
3. Sabitlik xassəsi. Sabitlik xassəsi dedikdə, konstitusiyanın uzun müddət üçün qüvvədə qalması hesablanan normativ akt olması başa düşülür.
Funksiyaları
[redaktə | mənbəni redaktə et]Konstitusiyanın funksiyaları aşağıdakılardır:
1. Hüquqi funksiya – Konstitusiya hüquq normaları sistemidir və o, tənzimləmə və qoruma funksiyalarını həyata keçirir;
2. Sosial funksiya – Konstitusiya ölkədəki sosial təbəqələrin ortaq mənafe və maraqlarını aşkar edir. O, ailə, təhsil, din kimi sosial təsisatlara, atalıq, analıq kimi sosial dəyərlərə təsir göstərir. O, sosial sistemin sabitliyini təmin edir, onun inkişafının ümumi əsaslarını müəyyənləşdirir;
3. Siyasi funksiya – Konstitusiya fərdlərin siyasi sistemdə davranış qaydalarını müəyyən edir, siyasi qüvvələrin hakimiyyəti əldə etməsinin sivil forma və üsullarını müəyyən edir, həmçinin o, siyasi partiyaların təşkili və fəaliyyətinin hüquqi əsasını formalaşdırır. Məhz konstitusion normalar bütün siyasi qüvvələr üçün ümumi imperativlər müəyyən edir və siyasi sistemdə bu imperativlərə riayət olunmasına nəzarət edir;
4. Tərbiyəvi funksiya – Bu funksiya insanlarda konstitusiyaya, qanunlara, insan və vətəndaşın hüquq və azadlıqlarına və dövlətə hörmət ruhunu aşılayır. O, eyni zamanda insanlarda müəyyən dünyagörüşünün formalaşmasına təsir göstərir.
5. Təsisedici funksiya – cəmiyyətin mühüm sosial-iqtisadi və siyasi institutlarının, ictimai münasibətlər sisteminin sabitliyinin tanınması və hüquqi cəhətdən təsbit edilməsində, cəmiyyətin və dövlətin təşkilinin rəhbər başlanğıclarının saxlanılması və möhkəmləndirilməsində ifadə olunur. Məhz bu funksiyanı əsasən dövlətin əsaslarını təsbit edən normalar yerinə yetirirlər.
6. Səlahiyyətverici funksiya – Onun təyinatı müəyyən kateqoriya hüquq subyektlərinin hüquqi statusunun əsaslarını müəyyən etməkdən və onlar arasında əlaqələrin təmin edilməsindən ibarətdir. Belə funksional yükü iştirakçıların hüquqlarını və onlara dair pozitiv tələbləri nəzərdə tutan konstitusion göstərişlər daşıyır.
7. Mühafizəedici funksiya – konstitusiyanı onun normalarının dövlətin əsaslarının, cəmiyyət və dövlət institutlarının müdafiəsinə yönəlməsi baxımından xarakterizə edir. Bu funksiya özündə qanunçuluq prinsipinin təsbit edilməsində ifadə olunur. Bu funksiya konstitusion münasibətlər sisteminin mühafizəsi və müdafiəsi üsullarının, bir saıra hallarda isə konkret sanksiyaların müəyyən edilməsində təzahür edir.
8. Sistemyaradıcı funksiyası – Bu funksiya konstitusiya hüququnun digər hüquq sahələrinə təsiri ilə bağlıdır. Bu funksiyanın zahiri aspekti onda təzahür edir ki, konstitusion hüquq normaları hüquq sisteminin, onun sahələrinin tələblərinin müasir beynəlxalq hüququn imperativ normalarına uyğunluğunu təmin edir, beynəlxalq hüquq normalarının milli hüquq sisteminə implementasiya (gətirilməsi) qaydasını göstərir.
Növləri
[redaktə | mənbəni redaktə et]1. Maddi və formal mənada konstitusiya.
Maddi mənada konstitusiya — Bir hüquq qaydasının konstitusiya qaydası olub-olmamasına o hüquq qaydasının nədən ibarət olmasına baxılaraq qərar verilir. Əgər bu hüquq qaydasının tərkibi xalq hakimiyyətinin əsasları, habelə dövlətin təməl orqanlarının quruluşu və fəaliyyəti ilə bağlıdırsa, bu qayda konstitusional qaydadır. Əgər deyildirsə, yox! Buradan o nəticəyə gəlmək olar ki, konstitusiyada təsbit olunmağına baxmayaraq, tənzimlənən məsələ konstitusional əhəmiyyətə malik olmazsa, deməli, o, həmin məsələyə dair qayda konstitusional deyil!
Formal mənada konstitusiya -Bir hüquq qaydasının konstitusiya qaydası olub-olmamasına o hüquq qaydasının nədən ibarət olmasına baxılaraq qərər verilmir! O qaydanın YERİNƏ baxılaraq qərar verilir! Əgər bu qayda konstitusiyada təsbit olunubsa, nə haqqında olursa-olsun, deməli, konstutisiya qaydasıdır. Məsələn, AR Konstitusiyasında dövlət rəmzləri, paytaxt və dövlət dili ilə bağlı maddələr, İsveçrə Konstitusiyasında (1999-cu il) meşələrə (77-ci m), ovçuluğa (79-cu m), heyvanların qorunmasına (80-ci m), yol vergisinə (86-cı m), kazinoya (106-cı m) aid olan maddələrdə tənzimlənən qaydalar konstitusional qaydadır.
2. Formasından asılı olaraq konstitusiyaların iki növü fərqləndirilir:
a) Yazılı konstitusiyalar – ölkənin rəsmi olaraq əsas qanunun elan olunmuş xüsusi qanunvericilik aktından və ya əksər hallarda müxtəlif vaxtda qəbul olunmuş bir neçə aktdan ibarətdir (məsələn, Fransanın Konstitusiyası 1958-ci il Konstitusiyası, ləğv olunmuş 1946-cı il Konstitusiyasının preambulası, 1789-cu il İnsan və vətəndaş hüquqları bəyənnaməsindən ibarətdir);
b) Şifahi konstitusiyalar – müxtəlif qanunların, məhkəmə presedentlərinin və adətlərin məcmusudur. Məcmu şəklində bu aktlar və normalar mövcud quruluşun əsaslarını müəyyən dərəcədə təsbit edir, lakin rəsmi olaraq əsas qanun kimi elan edilmir (məsələn, Böyük Britaniya, Yeni Zelandiya). Hazırda tamamilə şifahi konstitusiya yoxdur. Hətta şifahi konstitusiyanın klassik ölkəsi hesab edilən Böyük Britaniyanın əsas qanununun tərkibində də çoxlu yazılı aktlar vardır.
3. Qəbul edilmə qaydasına görə konstitusiyalar bölünür:
a) Referendumda bəyənilmiş konstitusiyalar (Azərbaycan, Fransa, Belarusiya);
b) Nümayəndəli orqan tərəfindən qəbul edilmiş konstitusiyalar (Braziliya, Zambiya);
c) Oktroirə edilmiş konstitusiyalar – Nümayəndəli orqanın iştirakı olmadan dövlət başçısı tərəfindən qəbul olunur. Başqa sözlə, "yaxşı" monarx tərəfindən öz "sədaqətli xalqına" bəxş edilir. Məsələn, İordaniya 1958-ci il, Nepal 1962-ci il, Səudiyyə Ərəbistanı 1992-ci il.
4. Dəyişdirilmə üsuluna görə konstitusiyalar ayrılır:
a) "Çevik" konstitusiyalar – başqa qanunlar üçün müəyyən edilmiş sadə qaydada dəyişdirilə bilir. (Böyük Britaniyanın şifahi konstitusiyası);
b) "Möhkəm" konstitusiyalar – Onlara dəyişikliklər edilməsinin mürəkkəb və çətin qaydaları vardır (ixtisaslı səs çoxluğu, ikiqat qərar, referendumda təsdiq və s.);
c) "Qarışıq" konstitusiyalar – Belə konstitusiyaların bəzi maddələri, ümumiyyətlə, dəyişdirilə bilməz, digərlərinə mürəkkəbləşdirilmiş, üçüncülərə isə sadələşdirilmiş qaydada dəyişikliklər edilir.
5. Qüvvədə olma müddətindən asılı olaraq konstitusiyalar:
a) Daimi konstitusiyalar – Qüvvədə olmasının qabaqcadan heç bir xronoloji sərhədi müəyyən edilməyən konstitusiyalardır. Uzun müddət üçün qüvvədə olur, lakin əbədi konstitusiya yoxdur;
b) Müvəqqəti konstitusiyalar – Belə konstitusiyalar özünün qüvvədə olma müddətini məhdudlaşdırır və ya elə şərtlər müəyyən edir ki, onların baş verməsi ilə o, daimi konstitusiyaya çevrilir. Məsələn, Sudanın 1985-ci il, Tailandın 1991-ci il, CAR-ın 1994-cü il müvəqqəti konstitusiyaları;
6. Nəzərdə tutulan məqsədindən asılı olaraq konstitusiyalar bölünür:
a) Proqram xarakterli konstitusiyalar – sosializm və kommunizm quruculuğu məqsədini elan edən bütün sosialist konstitusiyaları, adətən, proqram xarakterli olur. Məsələn, Çin rəhbərliyinin fikrincə, konstitusiyada müəyyən edilmiş sosializm quruculuğu məqsədinin həyata keçirilməsi üçün təqribən 100 il vaxt tələb olunur;
b) Təsbitedici konstitusiyalar – Onlarda cəmiyyətin dəyişdirilməsi haqqında proqram xarakterli müddəalar olmur. Məsələn, ABŞ, lakin unudulmamalıdır ki, proqram xarakterli konstitusiyaların normalarının əksər hissəsi təsbitedicidir, təsbitedici konstitusiyalarda isə əksər vaxt proqram xarakterli ünsürlər olur. Məsələn, onların preambulasında;
7. Dövlət quruluşu formasından asılı olaraq konstitusiyalar unitar dövlətlərin, federativ dövlətlərin və federasiya subyektlərinin konstitusiyalarına bölünür;
8. Demokratiklik əlamətinə görə demokratik, avtoritar və totalitar konstitusiyalar fərqləndirilir, lakin açıq-aşkar avtoritar konstitusiyalar çox azdır;
9. Sosial əlamətlərinə görə konstitusiyaların təsnifi:
a) burjua tipli; b) sosialist tipli; c) burjua tipinə keçid; d) sosialist tipinə keçid; e) yarımfeodal-teokratik konstitusiyalar (Bruney, Qatar, Səudiyyə Ərəbistanı).
"Konstitusionalizm" termini
[redaktə | mənbəni redaktə et]Dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdıran və insan və vətəndaş hüquq və azadlıqlarını dövlət qarşısında qorumaq məqsədilə adi qanunlardan üstün və onlardan daha çətinləşdirilmiş mexanizmə malik olan üsullarla dəyişdirə bilən və adına "konstitusiya" deyilən sərt bir ali qanunun qəbul edilməsini şərtləndirən düşüncəyə və axıma konstitusionalizm deyilir. Dünyada konstitusinalizmin vətəni İngiltərə sayılır, orada ilk konstitusiya aktı Azadlıqların Böyük Toplusu (Magna Carta 1215-ci il) olmuşdur. İlk yazılı konstitusiya ABŞ Konstitusiyasıdır ki, çoxlu dəyişiklilərlə bu gün də qüvvədədir.
Digər qanunlardan fərqi
[redaktə | mənbəni redaktə et]Konstitusiya:
- Dövlət quruluşunu və dövlət hakimiyyətinin ali orqanlarını müəyyən edir, insan hüquq və azadlıqlarına dövlət tərəfindən zəmanət verir.
- Ali hüququ qüvvəyə malikdir.
- Digər hüquqi normativlərə nisbətən müəyyən stabilliyə malikdir.
- Qanunvericilik üçün əsas rolunu oynayır.
- Dəyişilməsinin xüsusi qaydalarına malikdir.
Azərbaycan Konstitusiyası
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmişdir. 1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir.
Konstitusiyalarının qəbul tarixləri
[redaktə | mənbəni redaktə et]- San-Marino, 1600-cü il, San-Marino Konstitusiyası (Statuta Decreta), Konstitusiyalı respublika[2]
- ABŞ, 1789-cu il, ABŞ Konstitusiyası, Konstitusiyalı federativ respublika
- Norveç, 1814-cü il, Norveç Konstitusiyası, Konstitusiyalı monarxiya[3]
- Niderland, 1815, Niderland Konstitusiyası, Konstitusiyalı monarxiya[4]
- Kosta-Rika, 1838, demokratik respublika
- İtaliya, 1848-ci ildə Sardiniya krallığı kimi qəbul edilib, sonradan İtaliya krallığı
- Argentina, 1853, federal prezidentli respublika
- Kanada, 1867, Kanada Konstitusiyası, British North America Act[5]
- Lüksemburq, 1868, parlamentli monarxiya
- İsveçrə, 1874, İsveşrə Konstitusiyası
- Avstraliya, 1901, Avstraliya Konstitusiyası
- Meksika, 1917
- Avstriya, 1920, Avstriya Konstitusiyası[6]
- Lixtenşteyn, 1921, Lixtenşteyn Konstitusiyası
- Latviya, 1922[7]
- İrlandiya, 1937, İrlandiya Konstitusiyası
- İslandiya, 1944
- İtaliya, 1947, İtaliya Konstitusiyası
- Yaponiya, 1947, Yaponiya Konstitusiyası
- ÇXR, 1949, Çin Xalq Respublikası Konstitusiyası
- Almaniya, 1949,
- Macarıstan, 1949,
- Hindistan, 1950, Hindistan Konstitusiyası
- Danimarka, 1953
- Misir, 1953
- Fransa, 1958, Fransa Konstitusiyası
- Kipr, 1960
- Monako, 1962
- Malta, 1964
- Uruqvay, 1966
- Pakistan, 1973
- İsveç, 1975
- Yunanıstan, 1975
- Madaqaskar, 1975
- Portuqaliya, 1976
- İspaniya, 1978, İspaniya Konstitusiyası
- Çili, 1980
- Qayana, 1980
- Türkiyə, 1982
- Honduras, 1982
- Qvatemala, 1985
- Efiopiya, 1987
- Filippin, 1987
- Surinam, 1987
- Braziliya, 1988
- Xorvatiya, 1990
- Andorra, 1991
- Bolqarıstan, 1991, Bolqarıstan Konstitusiyası
- Şimali Makedoniya, 1991
- Kolumbiya, 1991
- Rumıniya, 1991
- Sloveniya, 1991
- Çexiya, 1992
- Estoniya, 1992, Estoniya Konstitusiyası
- Litva, 1992
- Paraqvay, 1992
- Slovakiya, 1992
- Peru, 1993
- Belçika, 1993,
- Andorra, 1993
- Rusiya, 1994
- Belarus, 1994, Belorus Konstitusiyası
- Azərbaycan, 1995, Azərbaycan Respublikasının Konstitusiyası
- Ekvador, 2008
- Boliviya, 2009
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://www.azleks.az/online-dictionary/anayasa?s=my Arxivləşdirilib 2022-03-30 at the Wayback Machine Anayasa. Ölkənin dövlət quruluşunu, siyasi, hüquqi və iqtisadi sisteminin əsaslarını, hakimiyyət və idarəetmə orqanlarının təşkili və fəaliyyət prinsiplərini, seçki sistemini, vətəndaşların əsas hüquq və vəzifələrini müəyyənləşdirən əsas qanun.
- ↑ 8 oktyabr 1600-cü ildə qəbul edilib. Bu Konstitusiya aktı 1300-cü ildə qəbul edilmiş Statuti Comunali (Town Statute) şəhər Nizamnaməsi əsasında hazırlanıb.
- ↑ "Arxivlənmiş surət". 2009-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-04-05.
- ↑ "Arxivlənmiş surət". 2011-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-05.
- ↑ Kanada Konstitusiyası 1867-ci ildə 1763-cü ildən başlayaraq qəbul edilmiş Kanada əyalət Konstitusiyaları əsasında qəbul edilib. Ciddi dəyişikliklər 1982-ci ildə edilib.
- ↑ 1929-cu ildə təftiş edilmişdir; 1 may 1945-ci ildə bərpa edilmişdir; 1 may 1934-cü il — 1 may 1945-ci illərdə faşist konstitusiyası qüvvədə olmuşdur
- ↑ 21 avqust 1991-ci il Konstitusiya aktı ilə qəbul edilmiş; sonradan çoxsaylı düzəlişlər edilmişdir