Hakim (hüquq)
Hakim — Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxs. Azərbaycan Respublikasının qanunlarına görə hakimlər:
- Yalnız AR Konstitusiyası və qanunlarına tabedir;
- Toxunulmazdırlar;
- Səlahiyyətləri yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər;
- Cinayət məsuliyyətinə qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilərlər;
- Başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər;
- Elmi, pedaqoji və yaradıcılıq fəaliyyətlərindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər;
- Siyasi fəaliyyətlə məşğul ola bilməz və siyası partiyalara üzv ola bilməzlər.
İslamda şəriət hakimləri
[redaktə | mənbəni redaktə et]Hakimlik haqqında Qurani-Kərimdə belə buyurulur: "Ey Davud! Biz səni yer üzündə xəlifə (və canişin) etdik. Camaat arasında haqq-ədalətlə hakimlik et və heç vaxt istəklərinə tabe olma ki, səni Allahın yolundan döndərməsin. Həqiqətən də, Allahın yolundan çıxanlar qiyamət gününü unutduqlarına görə (cəza olaraq) böyük əzab görəcəklər."[1]
Hz. Əlidən nəql olunan hədisdə deyilir: "Hakimin vəzifəsi budur ki, hansısa bir fəzilət və üstünlük əldə edəndə və ya ona bir nemət veriləndə halı dəyişməsin, onun rəiyyətlə rəftarının dəyişməsinə səbəb olmasın. Allahın ona nəsib etdiyi nemətlər onun, Allah bəndələrinə yaxınlaşmasını və qardaşlarına mehribanlığını artırsın.
Bilin, sizin mənim boynumda olan haqqınız, müharibə istisna olmaqla sizdən heç bir sirr gizlətməməyim, hökm çıxarmaq istisna olmaqla, sizinlə məsləhətləşmədən bir iş görməməyim və haqlarınızı gecikdirməməyim (sizin haqq və bəxşişlərinizi vaxtında verməyimdir), onun çatdırılmasını ləngitməməyim və sizin hamınızı bərabər bilməyimdir. Beləliklə, mən belə etdikdən sonra Allahın neməti sizə vacib olur və sizin mənə tabe olmağınız vacibdir."[2]
Peyğəmbərdən (s) nəql olunan hədisdən aydın olur ki, İslamda qəzavət edən hakimlərin hər iki tərəfə danışmaq imkanı yaratmağa, hətta onlara nəzər yetirməkdə də ədalətə yol verilməsi tələb olunur: "Kim müsəlmanlar arasında hakimliyə mübtəla olsa, onlara qarşı baxışları, işarələri, oturub-durmağında bərabər rəftar etsin." [3]
Hakim qəzəbli halda qəzavət etməməlidi. Bu, Əlinin Şureyhə xitabən söylədiyi "Qəzavət yığıncağında kiminləsə pıçıldaşma, əgər əsəbləşsən, dur get və qəzəbli halda heç vaxt hakimlik etmə!"[4] fikrindən anlaşılır.
Cəfəri-Sadiqdən nəql olunan hədisdə hakimlərin 4 növ olduğu və bunlardan yalnız birinin uca məqam sahibi olduğu anlaşılır: "Qazılar dörd dəstədir: üç dəstəsi odda, bir dəstəsi isə cənnətdədir. Bilərəkdən haqsız hökm verən qazı oddadır. Bilməyərəkdən (hökm və qanunlardan xəbərsiz) nahaq hökm verərsə, o da oddadır. Bilmədən doğru hökm verənin yeri də oddur. Bilə-bilə doğru-dürüst hökm verən qazının yeri isə cənnətdir."[5]