Pekin Universiteti
Pekin Universiteti | |
---|---|
39°59′23″ şm. e. 116°18′19″ ş. u.HGYO | |
Əsası qoyulub | 1898 |
Tip | Dövlət |
Tələbə sayı | 30167 |
Şəhər | Pekin şəhəri |
Ölkə | |
Sayt |
pku.edu.cn english.pku.edu.cn |
Vikianbarda əlaqəli mediafayllar |
Pekin Universiteti (çin. 北大) — Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. Pekin Universiteti xalq arasında "Beyda" adlandırılır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Pekin Universiteti 1898-ci ilin dekabrında Yüz Gün İslahatları dövründə yaradılıb və ilkin olaraq İmperiya Paytaxt Universiteti adı ilə fəaliyyət göstərib. 1902-ci ildə universitetin hazırda Pekin Pedaqoji Universiteti kimi tanınan pedaqogika fakültəsi açılıb.
1912-ci il Sinxay inqilabından sonra İmperiya Paytaxt Universiteti Pekin Milli Universiteti adlandırılır. 1917-ci il yanvarın 4-də tanınmış alim Tsay Yuanpey bu ali təhsil ocağının rəhbəri təyin edilir. Onun təşəbbüsü ilə Pekin Milli Universiteti 14 departament və 2000-dən artıq tələbəsi ilə ölkənin ən böyük ali təhsil ocağına çevrilir. Alman akademik təhsil modelindən ilhamlanmış Tsay universitetə Hu Şi, Çen Duxui və Lu Sin kimi şəxsləri dəvət edir. 1919-cu ilin mayında Dördüncü May Hərəkatı iştirakçılarının əsas hissəsini Pekin Milli Universitetinin tələbələri təşkil edirlər. Beiyanq hökuməti bu cür hadisələrə son qoymaq məqsədilə Tsayı vəzifəsindən azad edir.
1920-ci ildən başlayaraq Pekin Milli Universitetinə qızlar qəbul edilirlər. Pekin Milli Universiteti Nankin Universitetindən sonra Çində qızların qəbul edildiyi ikinci ali məktəb olur. 1937-ci il İkinci Çin-Yapon müharibəsi dövründə Pekin Universiteti Çanşa əyalətinə köçür və Tsinxua, Nankin universitetləri ilə birləşdirilərək Çanşa Müvəqqəti Universiteti adlandırılır. 1938-ci ildə isə ali məktəb Kunmin şəhərinə köçürülür və burada Milli Cənub-Qərb Birləşmiş Universiteti adı altında fəaliyyət göstərir. İkinci Dünya müharibəsi bitdikdən sonra Pekin Milli Universiteti Pekin şəhərinə köçürülür. Həmin dövrdə universitetin tərkibində İncəsənət, Elm, Tibb, Mühəndislik və Kənd Təsərrüfatı məktəbləri, Humanitar Elmlər İnstitutu fəaliyyət göstərirdi, tələbələrin sayı 3000-ə qədər artmışdı.
1952-ci ildə Çin Xalq Respublikası yaradıldıqdan sonra Yençinq Universiteti Pekin Milli Universiteti ilə birləşdirilir, Pekin Universitetinin adından "milli" sözü götürülür. Həmin il universitet Pekin şəhərinin mərkəzindən Yençinq kampusuna köçürülür. 1966-cı ildə ali məktəbdə "mədəni inqilab" baş verir, 1966–1970-ci illər arasında burada dərslər dayandırılır.
2000-ci ildə Pekin Tibb Universiteti Pekin Universitetinə birləşdirilərək Pekin Universitetinin Həyat Elmləri Kampusu adlandırılır. Həmin kampusda hazırda 8 birləşdirilmiş xəstəxana və 12 klinika fəaliyyət göstərir. 2001-ci ildə Şençjendə universitetin peyk şəhərciyi açılır. 2004-cü ildə ali məktəbin ikinci Biznes Məktəbi yaradılır və bir müddət sonra həmin məktəbə Beyda HSBC Biznes Məktəbi adı verilir.
Müasir vəziyyəti
[redaktə | mənbəni redaktə et]Hazırda Pekin Universitetinin yerləşdiyi Yan Yuan və Yençinq kampusu Pekin şəhərinin şimal-qərbində, bir çox kollec və universitetin cəmləşdiyi Haidian ərazisində fəaliyyət göstərir və 274 hektar sahəni əhatə edir. Kampusun yaxınlığında Pekinin tanınmış qədim bağları, sarayları (Yay Sarayı, Qədim Yay Sarayı) yerləşir.
Tsin sülaləsinə aid qədim, ənənəvi Çin üslubunda yaşıllaşdırılmış bağda yerləşən Pekin Universitetinin ərazisində qədim tikililər, paqodalar (Budda məbədi) mövcuddur. Kampusa giriş Şərq, Qərb, Cənub darvazalarından mümkündür, lakin onların arasında ən məşhuru divar naxışları ilə işlənmiş Qərb darvazasıdır. Kampus Veymin gölü ilə əhatə olunub. Pekin Universitetinin kampusu qonşuluqda yerləşən Tsinxua Universitetinin kampusu ilə birgə dünyanın ən gözəl kampuslarından hesab olunur.
Əsas kampusdan əlavə, Süe Yuan ərazisində universitetin Sağlamlıq Elmi Mərkəzi yerləşir. Elmi tədqiqatlar üçün nəzərdə tutulmuş bu şəhərcik əsas kampusdan fərqli olaraq o qədər də estetik görünüşə malik deyil. 2001-ci ildə istifadəyə verilmiş Şençjen kampusu Şençjen şəhərinin şimal-qərb hissəsində yerləşir. Şençjen Ali Məktəbi Pekin Universitetinin bu kampusda fəaliyyət göstərən əsas obyektlərindən biridir.
Pekin Universiteti bakalavr pilləsində 95, magistratura pilləsində 199, doktorantura pilləsində isə 173 sahə üzrə ixtisaslaşmış 30 kollec (Riyaziyyat elmləri, Fizika, Kimya, Həyat elmləri, Şəhər və Ətraf Mühit elmləri, Yer və Kosmos, Elektronika və Kompüter elmləri, Mühəndislik, Proqram Təminatı və Mikroelektronika, Ekologiya elmləri və Texnika, Arxeologiya və Muzeyşünaslıq, Xarici dillər, İncəsənət, Çin dili xarici dil kimi, Beynəlxalq tədqiqatlar, İqtisadiyyat, Quanqhua İdarəetmə, Hüquq, Dövlətin idarəolunması, Marksizm, Jurnalistika və Kommunikasiya, Yuanpey, Qabaqcıl fənlərarası tədqiqatlar, Təhsil Ali, Şençjen Ali və s.) və 12 departamentdən (Psixologiya, Çin dili və ədəbiyyatı, Tarix, Fəlsəfə, Sosiologiya, İnformasiya idarəetməsi, Bədən tərbiyəsi və s.) ibarətdir. Burada fundamental elmlərin tədqiqat və tədrisinin daha yüksək səviyyədə olmasına baxmayaraq, tətbiqi elmlər də müvəffəqiyyətlə inkişaf etməkdədir. Hazırda universitetdə 216 institut (Kompüter elmləri və Texnologiyaları, Genişləndirilmiş Texnologiya, Demoqrafik Tədqiqatlar, İqtisadi Tədqiqatlar, Sosiologiya Tədqiqi, Molekulyar Tibb, Kavli Astronomiya və Astrofizika və s.), 2 Milli Elmi Tədqiqat Mərkəzi, 12 milli laboratoriya fəaliyyət göstərir.
Kitabxanası
[redaktə | mənbəni redaktə et]Pekin Universitetinin kitabxanası 4,5 milyon cild kitab və digər materiallara malikdir. Universitet kitabxanası Asiyanın ən zəngin kitabxanalarından hesab olunur. Universitetin ərazisində Universitet tarixi, Artur Sakler adına İncəsənət və Arxeologiya muzeyləri mövcuddur. Muzeylərdə Çinin ən qədim dövrlərindən başlayaraq müxtəlif inkişaf mərhələlərini əhatə edən dəfn abidələri, qəbirlər, sərdabələr, insan qalıqları və digər tapıntılar, ölkənin tarixinə aid zəngin kolleksiya qorunur.
Administrasiyası
[redaktə | mənbəni redaktə et]Pekin Universitetinin administrasiyasına (idarə olunmasına) Prezident ofisi, Universitet Şurası, İnkişaf və Planlaşdırma, Tələbə İşləri, Təhlükəsizlik, Pedaqoji Administrasiya, Elmi Tədqiqatlar, Sosial Elmlər, Ali Təhsil (magistratura və doktorantura, diplomdansonrakı təhsil), Fasiləsiz təhsil, İnsan resursları, Maliyyə, Beynəlxalq münasibətlər, Laboratoriya və Təchizatın İdarəolunması, İnformatizasiya, Logistika Xidməti, Daşınmaz Əmlakın İdarəolunması, Tikinti, Elm və Texnologiyanın İnkişafı idarələri, Universitetə Sərmayə Qoyan Müəssisələrlə İcra Komitəsi, Həmkarlar İttifaqı daxildir.
Pekin Universitetinin prezidenti 2008-ci ilin noyabr ayında bu vəzifəyə təyin edilmiş professor Çjou Qifenqdir. O, həmçinin Çin Elmlər Akademiyasının akademiki, bir çox mükafatların laureatıdır. Pekin Universiteti Şurasının sədri, professor Min Veyfanqdır. Hazırda universitetdə 8000 nəfərdən çox işçi çalışır. İşçilərin 2900 nəfərini professor-müəllim heyəti, 5100 nəfərini isə inzibati heyət təşkil edir. Ali məktəbin əməkdaşları arasında 53 nəfər Çin Elmlər Akademiyasının, 7 nəfər Çin Mühəndislik Elmləri Akademiyasının və 14 nəfər Üçüncü Dünya Elmlər Akademiyasının üzvü var. Universitetdə hər bir əməkdaş üçün kompleks xidmət resursları təklif olunur, insan resursları proqramları nəticəsində işçilərin cəlb edilməsi, inkişafı, yüksək əməkhaqqı, müxtəlif mükafatlarla onların həvəsləndirilməsi, iş təyinatları və s. tədbirlər həyata keçirilir. Ali məktəbin əlaçı tələbələri üçün nəzərdə tutulmuş "Gəns İstedadlar Planı", "Çeunq Konq Alimlər Proqramı" və s. proqramlar mövcuddur.
Tələbə həyatı
[redaktə | mənbəni redaktə et]2009–2010-cu tədris ilində Pekin Universitetində ümumilikdə 30167 nəfər tələbə qeydə alınmışdır. Onların 15128 nəfərini bakalavr, qalanlarını isə magistr və doktorantlar təşkil edirdi.
Hər il Pekin Universitetinə 2000-dən çox əcnəbi tələbə daxil olur. Onlar əsasən Qərbi Avropa, Avstraliya, Afrika, Şimali və Cənubi Amerika, Asiyanın bütün hissələrindən olan gənclərdir. Əcnəbi tələbələrin məskunlaşdıqları yataqxanalar Şao Yuan ərazisində yerləşir.
Pekin Universitetində gənclərin həyatı rəngarəngliyi və zənginliyi ilə seçilir. Burada 200-dən çox tələbə təşkilatı, idman komandaları və digər birliklər fəaliyyət göstərir. İl ərzində universitetdə müxtəlif festivallar, yarışlar, ekskursiyalar, iməciliklər, konsertlər, ədəbi, mədəni gecələr, müsabiqələr və s. tədbirlər təşkil olunur. Əcnəbi tələbələr ölkələrinin mədəniyyətini təcəssüm etdirən sərgi və digər məclislər hazırlayır. Bu cür tədbirlər tələbələr arasında dostluq hisslərini, liderlik bacarığını inkişaf etdirir, gənclərin dünyagörüşünü artırır, onlara zəngin həyat təcrübəsi bəxş edir.
Dünya üzrə tanınmış Pekin Universiteti müasir Çin ədəbiyyatı, poeziyası və incəsənətinə böyük töhfələr bəxş edib. Fəaliyyəti dövründə universitet özünü intellektual azadlıq məkanı kimi tanıdıb. Bu ali təhsil ocağını Lu Sin, Mao Tzedun, Hu Honqminq, Hu Şi, Li Da-Çjao, Çen Duxiu kimi dahi şəxslər, eləcə də Nobel mükafatçıları Yuan Tseh Li, Tzun-Dao Li və Yan Çen Nin bitirib. Çinin Yeni Mədəni, Dördüncü May hərəkatları, 1989-cu il Tyananmen meydanı yürüşü və digər əhəmiyyətli hadisələrinin yaranma nöqtəsi Pekin Universiteti olub. Son yüz il ərzində universitetin 400-dən çox məzunu Çinin müxtəlif nüfuzlu ali məktəblərinin prezidenti vəzifəsində çalışıb (Tsinxua Universitetinin prezidenti Luo Cialun, Jenmin Universitetinin prezidenti Yuan Baohua, Jecianq Universitetinin prezidenti Tsyan Sanqianq, Fudan Universitetinin prezidenti Çjan Jiranq, Nankin Universitetinin prezidenti Den Ueizao, Çin Elm və Texnologiya Universitetinin prezidenti Quan Ueiyan və s.).
Pekin Universiteti bütün elm və tədris sahələrinin cəmləşdiyi tədqiqat və təhsil mərkəzidir. Universitetin məqsədi XXI əsrdə dünyanın bir nömrəli ali məktəbinə çevrilmək, Çinin müasirləşdirilməsinə, dünyanın iqtisadi, sosial və texnoloji inkişafına öz töhfəsini vermək, yeni-yeni gənc istedadları aşkarlayıb dünyaya təqdim etməkdən ibarətdir.
Xarici əlaqələri
[redaktə | mənbəni redaktə et]Pekin Universiteti Çin universitetlərini birləşdirən "C9 Liqası"na, Beynəlxalq Tədqiqat Universitetləri Alyansına[2] daxildir. Şərqi Asiya Tədqiqat Universitetləri Assosiasiyasının üzvüdür[3].
Ali məktəb Çikaqo Universiteti ilə birgə Şərqi Asiya İncəsənət Mərkəzi, YUNESKO ilə birgə "Pekin Universiteti, kompüter qrafikası və dizayn", Çin mədəniyyəti, tarixi, dili və s. sahələri yaxından öyrənmək istəyənlər üçün Stenford Universiteti ilə "Pekində Stenford proqramları" və "Stenford-Pekin universitetləri yay proqramları", Kornel Universiteti ilə Çin və Asiya-Sakit Okean Tədqiqatları, Yel, Vaseda universitetləri və London İqtisadiyyat Məktəbi ilə, Miçiqan Ştat Universiteti ilə birgə akademik proqramlar və digər bir çox elmi-tədqiqat layihələrində iştirak edir.
Reytinqi
[redaktə | mənbəni redaktə et]2010-cu ildə Çin Xalq Respublikasının özündə təşkil edilən reytinqlərə görə Pekin Universiteti ölkədə Tsinxua Universitetindən sonra ikinci yerdə olmuşdur.
2015/16[4] | 2014/15[5] | 2013/14[6] | 2012/13[7] | 2011/12[8] | 2010/11[9] |
---|---|---|---|---|---|
42 | 48 | 45 | 46 | 49 | 37 |
2015/16[10] | 2014/15[11] | 2013/14[12] | 2012/13[13] | 2011/12[14] | 2010/11[15] |
---|---|---|---|---|---|
41 | 57 | 46 | 44 | 46 | 47 |
2003[17] | 2004[18] | 2005[19] | 2006[20] | 2007[21] | 2008[22] | 2009[23] | 2010[24] | 2011[25] | 2012[26] | 2013[27] | 2014[28] | 2015[29] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
201–300 | 202–301 | 203–300 | 201–300 | 203–304 | 201–302 | 201–302 | 151–200 | 201–300 | 151–200 | 151–200 | 101–150 | 101–150 |
Məşhur məzunları
[redaktə | mənbəni redaktə et]Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Kai Vu – Çinin mədəniyyət naziri;
- Bo Silay – Çinin sabiq ticarət naziri;
- Hu Şi – Çin Yeni Mədəni hərəkatının lideri;
- Çen Duxiu – Çin Kommunist Partiyasının yaradıcılarından biri;
- Li Da-Çjao – Çin Kommunist Partiyasının yaradıcılarından biri;
- Çjan Qotao – Çin Kommunist Partiyasının yaradıcılarından biri;
- Luo Cialun – Dördüncü May Hərəkatının lideri;
- Tzun-Dao Li – fizika üzrə Nobel mükafatı laureatı;
- Yan Çen Nin – fizika üzrə Nobel mükafatı laureatı;
- Yuan Tseh Li – kimya üzrə Nobel mükafatı laureatı;
- Den Jiaxian – Çində nüvə silahları proqramının aparıcı təşkilatçısı;
- Lin Yutanq – yazıçı, ilk Çin yazı maşınının ixtiraçısı;
- Lu Sin – tanınmış Çin yazıçısı;
- Şeh Konqven – yazıçı;
- Syu Beyhonq – məşhur rəssam, universitetin İncəsənət Kollecinin dekanı.
- Mulatu Teşome – Efiopiya Federativ Demokratik Respublikasının prezidenti (7 oktyabr 2013-cü ildən[30][31]).
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Lamiyə Əliyeva, Dünya universitetləri: Pekin Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 18.11.2010, № 45. (az.)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Directory of Open Access Journals. 2003.
- ↑ Members Arxivləşdirilib 2012-05-06 at the Wayback Machine. iaruni.org (ing.)
- ↑ 17 Members Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine. aearu.org (ing.)
- ↑ "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2015-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "QS World University Rankings (2015)". 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-27.
- ↑ "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-27.
- ↑ "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-27.
- ↑ "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-27.
- ↑ "QS World University Rankings (2011)". 2014-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-27.
- ↑ "QS World University Rankings (2010)". 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-27.
- ↑ "ARWU - Peking University". Shanghai Ranking Consultancy. 2015. 2015-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2015.
- ↑ "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- ↑ "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- ↑ "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- ↑ "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- ↑ "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- ↑ "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- ↑ "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- ↑ "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- ↑ "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- ↑ "Academic Ranking of World Universities 2012". 2013-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- ↑ "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- ↑ "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- ↑ "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- ↑ "Ethiopia parliament elects Mulatu Teshome as new president". Rappler. AFP. 7 October 2013. 10 October 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 October 2013.
- ↑ Kussa, Mulugeta. "Dr. Mulatu Teshome elected new President of Ethiopia". Ertagov.com. Ethiopian Radio and Television Agency. 7 October 2013. 20 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 October 2013.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- pku.edu.cn — Rəsmi saytı