Niderlandın işğalı (1940)
Niderlandın işğalı | |
---|---|
Tarix | 14 may 1940 |
Yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Niderlandın işğalı (10-14 may 1940) — İkinci Dünya Müharibəsi zamanı Fransa kampaniyasının gedişində alman silahlı qüvvələrinin (vermaxt) Niderland qoşunlarına qarşı strateji hərbi əməliyyatı və Niderlandın Üçüncü Reyx tərəfindən işğal edilməsi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Nasist Almaniyasının siyasi-hərbi rəhbərliyi və vermaxt komandanlığının planlarına görə, Niderland silahlı qüvvələrinə qarşı “B” orduqrupuna daxil olan general-polkovnik Georq fon Küxlerin 18-ci ordusu və general- polkovnik Valter fon Reyxenaunun 6-cı ordusu hərəkət etməli idi. 6-cı ordu Niderlandın Rurmon şəhərinin cənubu ilə hərəkət etməli və müttəfiq qüvvələri,fransız-ingilis və Belçika silahlı qüvvələri ilə mübarizə aparmalı idi. Lakin, əsas hədəf – holland qüvvələrinin darmadağın edilməsi 18-ci orduya tapşırılmışdı. Almanlar Niderland silahlı qüvvələrini daha tez sıradan çıxarmaq üçün, ilk növbədə onun planlı müdafiəsinin təşkilinə mane olmaq istəyirdilər. General Hans fon Şponekin 22-ci piyada diviziyası və general Kurt Ştudentin 7-ci aviadesant diviziyasıda, məhz bu məqsəd üçün ayrılmışdı[1].
1940-cı il, mayın 10-da alman qoşunlarının Fransaya və neytral ölkələr olan Belçika, Niderland və Lüksemburqa tərəf hərəkət etməsi ilə “qəribə müharibə” qəfil sona çatdı. …“Alman işğalının sürəti və işğalın miqyası müttəfiqləri və bitərəf ölkələri gözənilməz halda yaxaladı”. Alman ordusu, elə ilk gündən, Lüksemburqu praktik olaraq müqavimətsiz işğal etdi[1].
Niderland uğrunda döyüşlər ilk olaraq 18-ci alman ordusunun hücumu ilə başlandı. Həmin ordu qısa zaman kəsiyində zəif müdafiə olunmuş şimal-şərq vilayətlərini tutaraq Eyssel kanalının şərq sahillərinə çatdı. Vermaxt qüvvələrinin son dərəcə sürətli hücumları nəticəsində, Neymeqen və digər cənub rayonlarındakı bir sıra körpülər, zədələnmədən almanların əlinə keçdi, Eyssel mövqeyi və Pel xətti yarıldı,hücumun elə ilk günündə buradakı müdafiəçilər təslim oldular. Niderlandın 2-ci ordu korpusu Vaal çayına doğru geri çəkilərək, Pel xəttinin arxasında mövqe tutdu. Nisbətən daha yaxşı möhkəmləndirilmiş Qrebbe xəttinin müdafiəsi, artıq mayın 12-də yarılmağa başlandı. Sonrakı günlərdə isə, şığıyıcı bombardmançıların havadan dəstəyi, almanların burada həlledici qələbəsini təmin edir. Lakin, Niderland ordusu üçün ən faciəlisi, “Hollandiya qalası”nda baş verən döyüşlər olur. Rotterdam və Leyden rayonları arasındakı əraziyə, 22-ci piyada diviziyasının tərkibindən olan havadesantının çıxarılmasına baxmayaraq, hollandlar bir çox yerlərdə tamamilə məğlubiyyətə uğrayırlar[1].
Almanlar Niderlandı tam şəkildə təslim olmağa məcbur etmək məqsədilə, əsas şəhərlər üzərinə hava hücumları təşkil etməyə başladılar. Vermaxt generalı Hans Şmidt əvvəlcə, Rotterdam şəhərinin bombardman olunacağı planı barədə Niderlanda ultimatum verdi. Niderland ultimatumu qəbul etdiyi üçün plan ləğv olundu. Lakin, hücumun ləğvi barədə məlumat siqnalı, artıq şəhər üzərinə hücuma başlayan yüzlərlə “Heinkel He-111” bombardmançı təyyarələrdən ən azı 50-60-na çatmadı və mayın14-də onlar şəhərin mərkəzinə təqribən 97 ton bomba yağdırdılar[1]. Əksər tarixçilərə görə, şəhərin kütləvi yanğınlarla müşayiət olunan bombardmanı nəticəsində təqribən 900-1000 nəfər dinc sakin həlak olmuş, 85 mindən çox insan evsiz qalmış, minlərlə müxtəlif tikili, kilsə, məktəb tamamilə dağıntıya məruz qalmışdır. Hətta, bəzi holland və ingilis mənbələrinin, kütləvi informasiya vasitələrinin məlumatlarına görə, şəhər dağıdılarkən 30 min sakin həlak olmuş və nasistlər şəhərin qədim binalarını dağıtmaqla barbarlıq aktı həyata keçirmişdilər[1].
Nəhayət, 15 mayda kapitulyasiya aktının imzalanması ilə Niderland təslim oldu. Öz ölkəsini tərk etmiş Niderland kraliçası Vilhelmina Britaniyada mühacir hökumət yaratdı[1].
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 Balamirzə Məmmədli. "Nasist Almaniyasının Fransa kampaniyası və onun nəticələri" (az.). Türk Dünyası Gənc Tədqiqatçılar Dərnəyinin Araşdırmaları, №5(5), 2021. səh. 43-56. 2022-03-25 tarixində arxivləşdirilib.