50°03′42″ şm. e. 19°56′21″ ş. u.HGYO

Müqəddəs Məryəm bazilikası (Krakov)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Müqəddəs Məryəm bazilikası
Kościół Mariacki
Bazilikanın eksteryeri
Xəritə
50°03′42″ şm. e. 19°56′21″ ş. u.HGYO
Ölkə  Polşa
Şəhər Krakov
Yerləşir Krakov[1]
Aidiyyatı Roma-Katolik kilsəsi
Sifarişçi III Kazimir
Tikilmə tarixi 1347
Üslubu Qotik memarlıq
Hündürlüyü 81 m
Material kərpic
Rəsmi sayt mariacki.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müqəddəs Məryəm bazilikası (pol. Kościół Mariacki) — Polşanın Krakov şəhərində qotik tərzdə inşa olunan XIV əsrə aid bazilika. Bazilikanın təməlləri XIII əsrin əvvəllərində atılmışdır və Polşa Qotik memarlığının ən mükəmməl nümunələrindən biridir. 80 metr yüksəkliyində olan bina, xüsusilə memar Veit Stoss tərəfindən hazırlanan altarla məşhurdur. Divar rəsmlərindən bəziləri məşhur polyak rəssamı Yan Mateyko tərəfindən hazırlanmışdır. Abidə 1978-ci ildə Krakovun tarixi şəhər mərkəziylə birlikdə UNESCO-nun Ümumdünya İrsi siyahısına salınmışdır.

İl boyunca hər gün hər saatbaşı bazilikanın hündür olan qülləsindən trompet çalınır. Polyak dilində Hejnał mariacki adlanan bu ənənə, monqolların şəhərə hücumu zamanı həyəcan siqnalı olaraq trompet çalan bir vətənpərvəri anmaq məqsədilə günümüzdə də davam etdirilir. Günorta saatlarında verilən bu anma siqnalı bütün Polşa üzrə dövlət radiosunda yayınlanır.

XV əsr polyak tarixçisi Yan Dluqosun yazdıqlarına görə, Krakov şəhər meydanındakı Müqəddəs Məryəm bazilikasının inşası 1221-1222-ci illərdə Krakov yepiskopu tərəfindən başladılmışdır. Ancaq inşa olunan bu kilsə binası monqol işğalı illərində dağıdılmışdır. 1290-1300-cü illərdə kilsənin qalıqları üzərinə qotik tərzdə yeni bir kilsə binası inşa olundu ki, bu kilsə 1320-ci ildə Roma-Katolik kilsəsi tərəfindən təsdiqləndi və rəsmi olaraq fəaliyyətə başladı.

Bazilikanın qülləsindən hər saatbaşı səslənən trompet siqnalı

Kilsədə 1355-1365-ci illərdə III Kazimirin sifarişilə geniş miqyaslı bərpa işləri görüldü və bazilika tamamilə başdan inşa olundu. Yüksək pəncərələr və kilsə rahibinin yaşaması üçün yan bölümlər əlavə edildi. XV əsrin ilk yarısında kilsə binasının hər iki yanına əlavə kapellalar və yeni bir qüllə daha inşa olundu. Bütün şəhər üçün gözətləmə qülləsi olaraq istifadə olunan bu qüllə üçün 1666-cı ildə qotik bəzəməli metal-konstruksiya hazırlandı.

XV əsrin sonlarında Müqəddəs Məryəm kilsəsi son dönəm qotika üslubda hazırlanan və hal-hazırda Polşanın Milli Sərvəti olaraq qəbul edilən memar Veit Stoss tərəfindən hazırlanan altarla bəzədildi.

1536-cı ildə I Sigismundun əmriylə kilsədəki ayinlər almanca deyil, polyak dilində keçirilməyə başlandı və Krakovda yaşayan alman cəmiyyəti nisbətən daha kiçik olan Müqəddəs Barbara kilsəsinə yönəldi. XVIII əsrdə bazilikanın interyeri son dönəm barokko üslübuyla yenidən dizayn edildi. İnteryerdəki bütün əşyalar, oturacaqlar və rəsmlər dəyişdirildi. 1730-cu illərdə məəşhur Venesiyalı rəssam Yambatista Pittoni tərəfindən mərkəzi nifin ətrafında 5 divar rəsmi hazırlandı.

1990-cı illərin əvvəlindən etibarən bazilikada geniş miqyaslı bərpa işləri görülməyə başlandı. Restavrasiya işlərinin yekun mərhələsi olaraq, 2003-cü ildə bazilikanın dam örtüyü dəyişdirildi. Muzey olaraq fəaliyyətini davam etdirən bazilikada baş tutan ən son mərasim isə, Smolensk təyyarə qəzasında həlak olan Polşa prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinska üçün 18 aprel 2010-cu ildə keçirilən cənazə mərasimi oldu.

  1. ArchINFORM (alm.). 1994.