Ershersoq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Ershersoq (alm. Erzherzog‎ (qısa olaraq Ehzg), tam adı Erzherzog zu Österreich, Archidux Austriae (qısa olaraq A.A.)) — yalnız Avstriya Habsburqlar monarxiya evinin üzvləri tərəfindən istifadə edilən titul.

Almaniyan;n orta əsrlər və müasir dövrün titullar iyerarxiyasında ershersoq hersoqdan üstün, amma kurfürst və kraldan aşağı idi.[1] Bu titul böyük hersoq (alm. Großherzog‎) tituluna ən yaxın idi, amma sonuncu 19-cu əsrin əvvəllərinə qədər Almaniyada heç istifadə olunmurdu.

Ershersoq titulunun adı ilk dəfə "Privilegium Maius" sənədində çəkilmişdir, hansı ki Müqəddəs Roma İmperatorları tərəfindən Avstriya monarxlarına verilən qədim imtiyazların kompilyasiyası kimi Avstriya hersoqu IV Rudolf (1358—1365) tərəfindən saxtakarcasına hazırlanmışdır. "Privilegium Maius"-da yazılmışdır ki, Avstriya hökmdarlarını imperiyanın digər hersoqlarından üstün tutan ershersoq titulu 1156-cı ildə imperator I Fridrix Barbarossa tərəfindən irəli sürülmüşdür. IV Rudolf tərəfindən yeni titulun təqdim edilməsi, IV Karlın 1356-cı ildə Qızıl bullada imperator seçmək hüququnu yeddi monarxla məhdudlaşdırması və Avstriya hersoqlarını oraya daxil etməməsi ilə bağlı idi.

Ershersoq tacı

Avstriya hökmdarlarının yeni titulu imperatorlar tərəfindən tanınmadı, lakin artıq hersoq Ernst (1406—1424) və onun nəsli onu istifadə etməyə başladılar. Ershersoq titulu ilk dəfə Habsburqlar sülaləsindən olan imperator III Fridrix tərəfindən qəbul edildi. Təxminən 1458-ci ildə bu adı kiçik qardaşı VI Albrextə, 1477-ci ildə Tirollu Sigizmunda verdi. 1482-ci ildən sonra ershersoq titulu III Fridrixin oğlu və varisi, gələcək imperator I Maksimilian də istifadə etməyə başladı.

XVI əsrdən başlayaraq ershersoq titulu müstəsna olaraq Avstriya monarxı mənasında yox həmçinin Habsburqlar sülaləsinin bütün üzvləri tərəfindən istifadə olunmağa başladı. Digər Avropa ölkələrində bu titulun analoqu prens və ya knyaz idi. Bu praktika Avstriya İmperiyası (1804—1867) və Avstriya-Macarıstan dövrlərində (1867—1918) davam etdi.[2]

1918-ci ildə Avstriyada monarxiya ləğv edildikdən sonra zadəganlıq titulları ləğv edildi. Avstriya Respublikasında ershersoq titulunun istifadəsi qanunsuzdur. Bununla birlikdə, Avstriyanın xaricində yaşayan Habsburqların çoxsaylı nəsilləri bu günə qədər bu adı istifadə etməyə davam edirlər.

  1. Meyers Taschenlexikon Geschichte 1982, vol 1, p22 & vol 2 pp106 & 319
  2. Genealogisches Hanbduch des Adels, Furstliche Hauser Band XIV. Limburg ad der Lahn, Germany: C. A. Starke Verlag. 1991. 91–93. ISBN 3-7980-0700-4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]