Akropol

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Akropolun ümumi görünüşü

Akropol (qədim yunancadan aκρόπολις - yuxarı şəhər) — Afinanın mərkəzində hündürlüyü 156 metrə çatan qayalıq meydançada 3 min illik[1] tarixə malik memarlıq abidələri ilə zəngin açıq muzeydir.

Qədim Afina dövlətinin həm dövlət, həm də dini mərkəzi sayılırdı. Afinalılar Akropoldakı müqəddəs məbədlərin və qeyri tikililərin bərpa olunmasına və qorunub saxlanmasına ciddi fikir verirdilər. Perikl zamanında Akropolun bərpası üçün xeyli vəsait ayrılmış, tikintiyə minlərlə sənətkar və qul cəlb edilmişdir. İndiyə qədər gəlib çatan bir çox tarixi abidələr də məhz elə o dövrdə inşa olunmuşdur.[1] Akropolun əhəmiyyətini artıran mühüm amillər sırasında təbii ki, dünya memarlığının nadir inciləri olan Panteon, Afina və Erektion məbədləri də vardır ki, bu tarixi abidələrin böyük hissəsi günümüzə qədər gəlib çatmışdır. Məsələn, yunan memarlığının ən böyük əsəri hesab edilən Panteon məbədinin xarici görünüşündə istifadə olunan heykəltəraşlıq nümunələri yunan sənətinin ən yüksək zirvəsi kimi qəbul edilir.[1]

Tarixən Afinanın həm hərbi, həm də dini mərkəzi rolunu oynayan Akropolun görkəmli yerində şəhərin hamisi ilahə Afinanın şərəfinə ucaldılmış Parfenon məbədi yerləşir.[1]

Akropolun aşağı hissəsində isə bir zamanlar Afinanın ticarət və mülki mərkəzi hesab olunan qədim Aqora yerləşir.[1]

Keçmişdə SokratPlaton kimi görkəmli filosoflar gəzinti və söhbət üçün məhz bu məkanı seçmişdilər. Aqora ərazisində yerləşən memarlıq abidələri müxtəlif tarixi dövrlərə aiddir. Burada hətta eramızdan əvvəl XI əsrə aid abidələrə də rast gəlmək mümkündür.[1]

Sənayenin ətraf mühitə vurduğu ziyanın aradan qaldırılması ilə bağlı hazırlanan böyük bərpa proqramı çərçivəsində 1980-ci ildən etibarən Akropolda mütəmadi bərpa işləri həyata keçirilir.[1]