Qnostisizm

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Qnostisizm (q. yunanca γνωστικός — biliyi qavrayan, dərk edən) — antik dövrünün sonunda (I–V əsrlərdə) yaranmış, özündə xristianlığın, yunan fəlsəfəsinin və bəzi Şərq dinlərinin ideyalarını birləşdirmiş dualist sinkretik dini təlimlərin ümumiləşmiş adıdır. Ezoterikaya meyilli təlimlər olmuşdur, onun ardıcılları iddia edirdilər ki, onlara Tanrı və dünyanın sonu haqqında gizli biliklər verilmişdir. III əsrdə yaranan Mani dininin, eləcə də mitraizmin tarixi kökləri də qnostisizmlə bağlıdır.

Qnostisizmin yaranmasının əsas səbəbini ellinizm dövründə qədim yunan polislərinin tarix səhnəsindən silinməsində, böyük imperiyaların yaranmasında, müxtəlif mədəniyyətlərin və dini-fəlsəfi təlimlərin bir-biri ilə qarışmasında, esxatoloji (axirət) əhval ruhiyyəsində, mistik ənənələrin inkişafında görürlər.

Mənəviyyatları inkişaf etmiş və qnosisə bələd olan adamları "pnevma’tik" adlandırırlar. Pnevmatiklər bu dünya ilə barişmaz mübarizədədirlər.

Əsas müddəaları

[redaktə | mənbəni redaktə et]

Bütün qnostiklərin təlimlərində aşağıdakı müddəalar vardır:

1. Ezoterizm. Bütün insanlar "maddi" (bədənlə bağlı olanlar), "ruhi" (psixiklər) və "mənəvi"lərə (pnevmatiklər) bölünürlər. Yalnız "mənəvi" insanlara əsl mistik biliyin (qnosisin) mahiyyəti açılır.

2. Dualizm: Bütün varlıq ikili şəkildə qəbul edilir, xeyrlə şər bir birinə qarşı substansional səviyyədə qoyulur. Bütün maddi aləm şərdir. O mənəviyyatın zindanıdır. Bu zindandan azad olub xeyrə qovuşma yalnız İlahi biliyə (qnosisə) malik olan insanlar tərəfindən həyata keçirilə bilər. Şərdən ayrılaraq qnostik öz mənəviyyatını həqiqi Tanrının bir hissəsi olduğunu duyur.

3. Maddi dünyanın Mütləqdə olan hansısa bir yanlışlıqdan yaranması. Bu səhv nəticəsində zülmət qüvvələri nurla dolu aləmlərə daxil olublar. Bu proses aşağıdakı qaydada baş verib: Tanrı olan doğulmamış Ata özünü 'eon' adlandırılan varlıqlarda təzahür edir. Bu eonlar əsasən cütlüklərdən ibarətdir. Eonların tamlığı İlahi tamlıq — pleromanı təşkil edir. Lakin eonların birinin təkəbbürü nəticəsində, o pleromadan ayrılır və bundan sonra kosmosun yaranması (kosmogenez) baş verir, müxtəlif aləmlər yaranır. Ən alçaqda yerləşən aləm isə bizim yaşadığımız dünyadır. Qnostiklərin əksəriyyəti onları simalaşdırıb, onlara konkret şəxs kimi baxırdılar.

3. Maddiyyatdan xilas olmanın zəruriliyi. Pleroma öz tamlığını bərpa etmək istəyir. Bu isə yeni eonun yaranmasına təkan verir. Bu eon İsadır və ya İsa ilə Xristosun cütlüyü. O, bu dünyaya enir və seçilmiş, mənəvi cəhətdən yüksəlmiş insanlara həqiqi biliyin (qnosisin) nə olduğunu öyrədir. Adətən İsanın bir bədənə malik olması aldadıcı, yalnız zahirən görünən hesab edilir (doketizm). Dünya hissəciklərinin hamısının pleromaya qayıtmasından sonra maddiyyat yenidən xaos halına qayıdacaq.

4. Zahidlik xilas olmanın şərtidir.

5. Tanrı bu dünyadan çox-çox uzaqlardadır. (transsendentdir). Onun təbiəti fərqlidir. Dünya isə ən aşağı dairələrdə yerləşən güclər tərəfindən yaradılıb. Onlar Tanrı tərəfindən yaradılsa da, onun haqqında heç bir biliyə malik deyillər, Onun dərk edilməsi yolunda bir maneədirlər. Bu qüvvələrə arxontlar (hökmdarlar) deyilir.

6. Bütün kainat arxontlara tabedir. Onları bəzən Əhdi-Ətiqdə hallanan Tanrının adları ilə adlandırırlar (Savaof, Adonai və s.). Dünyanın ətrafında isə bir neçə kosmik dairələr vardır. Bu dairələri də arxontlar idarə edir. Dünyanın yaradılması işində arxontların ən böyüyünün müstəsna rolu vardır. Onun adı Platonun "Timeus" (Timaeus) əsərində olduğu kimi "Demiurqosdur" (Demiurgos). Arxontların istibdadçı hakimiyyəti isə " hermogenus" (dünya taleyi) adlanır.

7. İnsan bədən, mənəviyyat (pnevma) və ruhdan ibarətdir. Bədən və ruh dünyanın tərkib hissəsi olaraq hermagenusa tabedir. Hermogenus isə təbiət qanunlarıdır, lakin, eyni zamanda, insan cəmiyyətində o Musaya verilmiş yəhudi qanunudur. Ruhun içində yaşayan mənəviyyat isə İlahi nurun hissəciyidir, və o zindanda saxlanılır. Əsarətdə olan mənəviyyat pleromadan təcrid olunub və özünü onun hissəsi kimi dərk etmir. Onun dirçəlməsi isə bilik (qnosis) vasitəsilə əldə edilə bilər. İnsan yalnız zülməti yarıb, nura yönələrək xilas oluna bilər. Ölümdən sonra biliklə (qnosislə) qidalanmış mənəviyyat (pnevma) dairələri ən yuxarı dairələrə yüksəlir.

Xristian qnostisizmi

[redaktə | mənbəni redaktə et]

Qnostisizm antik dünyada xristianlıqdan öncə yayılmışdır. Lakin xristianlıq yayılmağa başlayanda qnostiklər onunla paralel fəaliyyət göstərirdilər, qarşılıqlı münasibətlər qururdular. Bunun nəticəsində xristian qnostisizmi yaranmışdır. Bundan öncə isə qnostisizm yəhudiliyə də yol tapmışdı.

Simon Maqın təlimi
[redaktə | mənbəni redaktə et]

Xristianlığı qəbul edən ilk qnostiklərdən biri Əhdi-Cədiddə adı çəkilən Simon Maq olmuşdur.[1] Orada o cadugər kimi təsvir olunur. Bu adam həvari Petrusun əleyhdarı olub və Müqəddəs Ruhu pulla almaq istəyib. Hətta "Simoniya" sözü Simon Maqın adından yaranıb. Simoniya Xristianlıqda kilsə vəzifələrini pulla almaq adətinə deyilir. Bu adət bir zamanlar çox geniş yayılmışdı.

Xristian ənənəsində Simon bütün hereslərin (küfrlərin) atasıdır. Xristian tarixçilərinə görə, o tanrılıq iddiasında olub. Lion şəhərinin yepiskopu, qnostisizmin əleyhinə "Adversus haereses" (Hereslərin əleyhinə) kitabının yazarı İrineus (Irenaus) yazırdı ki, Simon özünü tanrı elan edərək, Helena adında bir qadını Tir şəhərinin fahişəxanasından pulla almışdır. Helena onu hər yerdə müşayət edirdi. Simon Helenanı özünün ilk təfəkkürü (yun. Ennoia) adlandırırdı.

Sonra Ennoia Atadan ayrılıb aşağı dairələrə enmişdir. Orada o, məlakələri yaratmışdı. Dünyanı yaradan qüvvələr də ondan yaranmışdı. Ata haqqında isə o qüvvələrin xəbəri yox idi. Sonra bu qüvvələr İlk təfəkkürü (Helenanı) əsir götürdülər və Atadan onu təcrid etdilər. Nəhayət onlar onu insan bədəninə saldılar. O da müvəqqəti olaraq nəsildən nəsilə müxtəlif insanların bədənlərində yaşayırdı. Helenanı bu əsarətdən xilas etmək üçün Ata özü yerə endi. Eyni zamanda o insanları da xilas etmək üçün gəldi.

Simonun ardıcılları magiya ilə məşğul olublar və əxlaqsız həyat tərzi sürüblər. Onları simonianlar adlandırırdılar.[2]

Simon Maqın ideyalarına oxşar ideyalara Misirin Naq Həmmadi vadisində tapılmış qnostik apokriflərdə də rast gəlmək olar. Orada da Ali Tanrı öz Təfəkkürünü (Əqlini) doğur. Sonra o Əql dünyanı yaradır, lakin sonra yaratdığı qüvvələr tərəfindən əsir edilir.[3]

Dositeus, Menandrosun və Kerintusun İsa mahiyyəti haqqında baxışları
[redaktə | mənbəni redaktə et]

Qnostiklərin İsa haqqında da maraqlı fikirləri var idi. Xristian qnostiki Dositus deyirdi ki, əslində Xristos olan xilaskar o özüdür. Digər bir Menandros adlı qnostik haqqında Yustinus xəbər verir. O da özünü insanlığın xilaskarı elan edib.[4]

Kerintus (Cerinthus) deyirdi ki, bu dünya birinci Tanrı tərəfindən yaradılmamışdı. O ondan da qüdrətli bir qüvvə tərəfindən yaradılmışdır. İsa isə o qüvvənin yerə göndərilmiş nümayəndəsidir. O, YusifMəryəmın oğlu olub, möminlikdə hamıdan mükəmməl idi. İlahi ruh (Xristos) ona göyərçinin şəklində enib. Bundan sonra o Atanın adından möcüzələr edib. İlahi ruh (Xristos) onu tərk edəndən sonra İsa tək qalıb, onu incidib öldürüblər. Sonra isə o dirilib. Xristos isə incidilə bilməzdi, çünki onun başqa təbiəti vardır.[5]

Karpokratın təlimi
[redaktə | mənbəni redaktə et]

Bu fikirlərə oxşar ideyaları ən məşhur qnostiklərdən biri olan Karpokrat da ifadə edirdi. O hesab edirdi ki, dünya Tanrıdan aşağıda yerləşən məlakələr tərəfindən yaradılıb. İsa isə Yusifin oğludur. Lakin onun mənəviyyatı o qədər uca və ali olub ki, o Atanın olduğu səmalar haqqında yaddaşını qoruyub saxlaya bilmişdir. Bu səbəbdən Ata ona bir qüvvə vermişdi. Bu qüvvə dünyanın keşiyində duran arxontlardan qorunub İsaya çatmışdı. Bu İlahi qüvvə İsanı ucaltmışdı. Arxontların təsirindən qurtulmuş hər bir insan da İsaya bənzər olur, hətta ondan da üca ola bilər.

Karpokrat və onun tələbələri hesab edirdilər ki, şər və xeyir anlayışlarını yalnız kamil olmayan insan düşüncəsi yaradır. Yüksəlmiş, əsl biliyə (qnosisə) malik insan hər bir əməldən keçməlidir və müxtəlif həyat tərzi keçirməlidir. Bunları etməsə, onun ruhu ölümündən sonra yenidən bədənə salınıb, dünyaya gələcək.

Karpokratçılarda maddi dünya ilə barışmazlıq bir tərəfdən tərkidünyalıqla, başqa tərəfdən isə əxlaqsızlıqla nəticələnir. Yəni dünyanın inkar edilməsi, onda mövcud olan qanunların da inkar edilməsi ilə nəticələnir.

Karpokratçılar həm də ruhların köçməsinə inanırdılar. Beləliklə bu təriqətə görə günah xilasa doğru aparan bir yoldur. Onların fikrincə, əgər pnevmatik hermagenosdan azaddırsa, onda dünyaya bağlı olan və onun realığını əks etdirən qanundan da azaddır.

Naq Həmmadidə tapılmış qnostik əlyazmalar
Markionun yaradıcı və həqiqi Tanrılar haqqında təlimi
[redaktə | mənbəni redaktə et]

Qnostik ideyalara çox yaxın olan digər xristian heretiki Markionun (II əsr) fikrincə 2 Tanrı mövcuddur. Kiçik Tanrı olan Əhdi-Ətiq Tanrısı bu dünyanın yaradıcısıdır. O, ədalətlidir, lakin mərhəmətsizdir. Deməli o kamil deyil. Bu dünyanın yaradıcısından fərqli olaraq, məhəbbət və xeyir Tanrısı vardır. Onun var olması haqqında dünyanı yaradan Tanrının xəbəri yoxdur və onun haqqında məlumat Əhdi-Cədiddə vardır.

Əhdi-Ətiq ilə olan Tanrı haqqında Əhdi-Cədiddə ziddiyyətli məlumatları biri-birinə qarşı kəskin qoyan Markion öz fikirlərini "Antiteza" adlanan risaləsində yazmışdır. Məhəbbət Tanrısı haqqında bəyan edən şəxs İsadır. Ancaq onun tələbələri onu Əhdi-Ətiqin tanrısı ilə çaşdırıblar.

Rəsmi kilsə də bu yanlış yolla gedir. Bu səbəbdən Markion, Lukasın "düzəldilmiş" İnciliniPaulusun on məktubunu qəbul edərək, başqa Əhdi-Cədid kitablarını inkar edirdi. Onun fikrincə, maddiyyat şər olduğuna görə, xristianlar həyatlarını zahidlikdə keçirməlidirlər, evlənməməlidirlər. Yalnız yaradıcı Tanrını inkar edib, əsl Tanrını (Xristosu) qəbul edən adamlar xilas ola bilərlər.

Basilidin tanrılar savaşı haqqında təlimi
[redaktə | mənbəni redaktə et]

Ən tanınmış xristian qnostiklərindən biri Basilid olub. O, II əsrin birinci yarısında İsgəndəriyyədə yaşayıb. Vasilid eyni zamanda xristian ilahiyyatçısı idi. Onun əsərlərindən fraqmentlər İsgəndəriyyəli KlementOrigenusun kitablarında gətirilir. Onun fəlsəfi fikirləri haqqında isə İrineusHippolit (Hippolytus)[6] xəbər vermişdirlər.

İrineusa görə, Basilid hesab edirdi ki, Tanrı altı qüvvəni yaradıb, onlardan isə çoxlu sayda məlakələr əmələ gəlib. Bu iyerarxiyanın sonunda aşağıda duran qüvvələr var. Onlar bu dünyanı yaradıb. Bu qüvvələrin başında yəhudi Tanrısı durub. O, bütün dünyanı yəhudi xalqına tabe etmək istəyirdi. Buna görə də savaş başlandı. Bunu görən Ali Tanrı öz Əqlini (və yaxud Xristosu) dünyanı xilas etmək üçün yerə yolladı. Əslində Xristos yəhudiləri aldadmışdı. Onu edam etmək istəyən yəhudilər onun yerinə Xristosa oxşayan Kirenalı Simonu çarmıxa çəkmişdilər.[7] Hippolit isə onun haqqında yazırdı ki, Tanrı hər bir varlıqdan üstündür. Bu səbəbdən ona varlıq demək olmaz.[8] Dünya isə heç nədən yaranır, özü də heç nədir. O, yalnız hər şeyin imkanı, potensiyası, toxumudur. Beləliklə Hippolit tərəfindən xəbər verilən Basilidin fikirləri İrineusun xəbərlərindən fərqlidir.

Qnostik əlyazmanın nümunəsi (Peter incili)

Basilidə görə qnostik təlim insanın daxili təbiətinin oyanması ilə nəticələnir. İnsan heyvandan fərqlənməlidir, onun mənəviyyatı ucalara yüksəlməlidir. Qnosis insana öz həqiqi mahiyyətini bilməyə imkan yaradır.

Basilid ruhla mənəviyyat arasında fərqin olduğu haqqında danışırdı. Ruh əbədi olsa da, o yalnız mənəviyyatın yaşadığı bir qabığdır. İnsanın əsl "Məni" isə yalnız mənəviyyatdır. O Ali təbiətin bir parçası, toxumudur. Ruh həmişə bu dünyada yaşa-mağa məhkumdur, mənəviyyat isə onu tərk edə bilər.

Valentinin təlimi
[redaktə | mənbəni redaktə et]

Xristian qnostiklərindən daha bir tanınmış mütəfəkkiri Valentin (II əsr) olmuşdur. O hesab edirdi ki, bu dünya bir səhvin nəticəsində yaranıb. Bu səhvi düzəltmək isə qnostiklərin vəzifəsidir. Onlar bu dünyaya ölümə qalib gəlmək üçün gəliblər. Biliyin (qnosisin) "nuru" zülmətin "oduna" qarşı qoyulur. Bu od hər şeyin mahiyyətinə varıb və gün gələcək, o bütün dünyanı yandırıb məhv edəcək. Lakin İlahi nur onu qəbul etməyə hazır olan hər bir insanın qəlbində özünə yer edir, onu çirkabdan və şər qüvvələrdən təmizləyir. Bu halda insan özünün kim olduğunu dərk edir. Göründüyü kimi, Valentinusun təlimi bütün qnostiklərdə olduğu kimi, mistik xarakter daşıyır.

İsgəndəriyyəli Klement yazırdı ki, Valentinə görə maddi aləmin əsl Tanrıya heç bir aidiyyəti yoxdur. Onun emanasiyaları nəticəsində dünyanı Demiurq yaratmışdır. Məhz onun haqqında Əhdi-Ətiqdə söhbət gedir, əsl yaradan Tanrıdan yox.

Simon Maqda olduğu kimi, Valentinin təlimində də qadın obrazı mühüm yer tutur. Onun adı Sofiyadır, və o, ikili təbiətə malikdir. O pleromaya aid olaraq Ali Tanrının, həm Əqli, həm də Eonudur. Eyni zamanda onda məmunsuzluq hissi var. Bu hissiyyat onu həm yuxarı, həm də aşağı dartır, və ona rahatlıq vermir. Onun vəzifəsi bu dünyada görünməyən Tanrını insanların qəlblərində açmaqdan ibarətdir. O, "rəssam qadın" adlandırılır.[9]

Qnostisizmin rəsmi Xristianlığa təsiri

[redaktə | mənbəni redaktə et]
Erkən xristianlıq
Yunandilli apologetika:

Yustin  • Tatian  • Afinoqor  • Teofil

Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:

Arianlıq  • Donatizm

Latın qərbində Kilsə Ataları

Boesius  • Kassiodor  • Avqustin Avrelius
İyeronim Stridonlu  • İlarius Piktaviyalı

Xristian rahibliyi  • İsihazm

Qnostisizm rəsmi kilsə tərəfindən heres (küfr) kimi rədd edilmişdi. Lakin, buna baxmayaraq, bu təlimin rəsmi Xristian çox böyük təsiri olmuşdur. Qnostisizmə meyilli olan xristian icmaları və ilahiyyatçıları, İsanın ilahiləşdirilmiş obrazının yaradılmasında əhəmiyyətli rol oynamışdırlar.

Buna misal olaraq Əhdi-Cədidin 4-cü İncilindən Yəhya İncilini göstərmək olar. Bu İncilin ümumi məzmunu birinci üç İncillərdən (Markus, Matta, Lukas) fərqlidir. Orada İsa artıq insan kimi yox, yerə enmiş Tanrı kimi təsvir edilir. O dünya işlərindən, insan xüsusiyyətlərindən daha uca olan bir varlıqdır. O Atanın oğludur, insanlara xilas yolunu göstərmək üçün gəlmişdir və bu yolda könüllü olaraq ölümə gedib, ona iman gətirənlərin gunahlarını öz üzərinə götürmüşdür. İncilin əvvəlində o Loqos, yəni Tarının əbədi Sözü, adlandırılır. Beləliklə burada İsa — Tanrıdır. Hətta məlumdur ki, Yəhya İncilindən Valentinin ardıcılları daha da çox istifadə edirdilər[10].

Göründüyü kimi, bu İncildə yuxarıda göstərilən qnostik ideyalarla oxşarlıq çoxdur. Yəni uzaqlarda olan Ata, öz oğlunu (İsanı) yerə göndərir. İsanın mahiyyəti İlahidir, o adi insan deyil.

Lakin sonralar Kilsə xadimləri birinci üç İncillərdə olan İsanın insan obrazı ilə Yəhya İncilindəki İlahi obrazı arasındaki ziddiyyətləri həll etməyə cəhd etmişdi. Bu cəhdlərin nəticəsində, Kilsə Məclislərin qərarı ilə, İsanın həm insani, həm də İlahi mahiyyəti olduğu elan edildi.

Paulusun məktublarında da qnostik fikirlərə yaxın ideyalara rast gəlmək olar. Orada İsa şər qüvvələrə qalib gəlmək üçün dünya üzərinə enib. Pavlusu İsanın insan təbiəti maraqlandırmırdı. Məsələn, onun Korinflilərə I məktubunda (2: 11–16) Arxivləşdirilib 2012-03-04 at the Wayback Machine, qnostiklərdəki kimi, insanlar maddi, ruhi və mənəvilərə bölünürlər.

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 241-244. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 27-35. ISBN 5-87459-013-7. 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
  1. Həvarilərin işləri 7: 5–24.
  2. Irenaeus, Adversus haereses I, 23: 1–4 Arxivləşdirilib 2022-01-18 at the Wayback Machine // Ante-Nicene Fathers. The Writings of the Fathers Down to A. D. 325. Volume I. T&T Clark, Edinburg; WM. B. Eerdmans Publishing Company, Grand Rapids, Michigan: 1885.
  3. Naq Hammadi codex, II, 6; "Exegesis on the Soul"// The Naq hammadi Library in English Arxivləşdirilib 2022-08-24 at the Wayback Machine. Revized edition, San-Francisco, 1988, pp. 181–187.
  4. Justinus. Apologia I, 26, 4. (Magicians not trusted by Christians Arxivləşdirilib 2022-09-21 at the Wayback Machine)
  5. Irenaus, Adversus haereses I, 26 Arxivləşdirilib 2022-01-18 at the Wayback Machine // Ante-Nicene Fathers. The Writings of the Fathers Down to A. D. 325. Volume I. T&T Clark, Edinburg; WM. B. Eerdmans Publishing Company, Grand Rapids, Michigan: 1885).
  6. Irenaus, Adversus haereses Arxivləşdirilib 2016-03-16 at the Wayback Machine I, 25.
  7. Irenaus, Adversus haereses Arxivləşdirilib 2016-03-16 at the Wayback Machine I, 24.
  8. Hippolytus, Refutatio VII, 20 Arxivləşdirilib 2022-09-26 at the Wayback Machine.
  9. Clemens. Stromata Arxivləşdirilib 2010-01-11 at the Wayback Machine, IV, 89–94.
  10. Irenaeus. Adversus haereses Arxivləşdirilib 2016-03-16 at the Wayback Machine I, 29.