Salyan rayonu

Azərbaycanda rayon
Bu məqalə Salyan rayonu haqqındadır. Şəhər üçün Salyan səhifəsinə baxın.

Salyan rayonuAzərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Salyan şəhəridir.

Rayon
Salyan

39°45′ şm. e. 49°00′ ş. u.HGYO


Ölkə
Daxildir Şirvan-Salyan
İnzibati mərkəz Salyan
İcra başçısı Sevindik Hətəmov
Tarixi və coğrafiyası
Yaradılıb 8 avqust 1930
Sahəsi 1 600[1] km²
Əhalisi
Əhalisi 138,6 min nəfər (1 yanvar 2019-сi il) Ümumi məlumat nəfər
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-SAL
Telefon kodu 994 21
Poçt indeksi AZ 5200
Avtomobil nömrəsi 52
Rəsmi sayt
Salyan xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
 
Salyan rayonu ərazisində tapılmış çıraq

Salyan sözünün etimologiyası haqqında müxtəlif mülahizələr var. 1880-ci ildə Salyanda olmuş rus tədqiqatçısı K. Sadovski Salyan sözünün fars dilindəki "sal"-il, yaxud "salyane" – yəni illik bac mənasını verən sözdən yarandığını iddia etmişdir. "Tam fars, ərəb rus lüğəti"nin müəllifi İ. Yaqello, "Burhane Qate" kitabının müəllifi Məhəmməd Hüseyn Təbrizi, "Lüğəti Naci"nin müəllifi Naci də K. Sadovski ilə eyni fikirdə olmuşlar. "Coğrafi adlar" kitabının müəllifi Nəbi Nəbiyev isə Salyan sözünün mənasını "bərə yeri" (salların sahilə yan aldığı yer) və ya sal tayfasının adı ilə bağlayır. Sal tayfası Azərbaycanda yaşamış türkdilli tayfa adıdır. Dünya şöhrətli türkoloq Murad Acı da Salyan sözünün sal tayfasının adı ilə bağlı olduğunu iddia edir. Dilçi alim K. Ramazanov bu coğrafi adın sal-bərə sözündən ibarət olub "salın yan aldığı yer"lə bağlı yarandığını deyir.

Salyandan Ərdəbilə, Təbrizə, Dərbəndə və başqa şəhərlərə balıq, kürü, Babazənən dağı yaxınlığından çıxarılan neft və duz ixrac olunurdu. Tarixi mənbələr göstərir ki,1295–1304-cü illərdə Elxani hökmdarı, islamı qəbul etdikdən sonra Mahmud adını almış Sultan Məhəmməd Qazan xan tərəfindən 1295-ci ildə Kür çayının mənsəbində, indiki Salyanın yerləşdiyi ərazidə şəhər salınmışdır. Şəhər Qazan xanın şərəfinə Mahmudabad adlandırılmışdır. Ehtimal olunur ki, şəhər zaman-zaman Muğan, Hüştəsfi və Mahmudabad adını daşımış və sonradan Salyan adını almışdır.

Amma nəzərə alsaq ki, Salyanın indiki ərazisindən hələ qədim dövrlərdən köhnə karvan yolları keçmişdir və bu karvan yollarından istifadə edən karvanlar istər-istəməz Kür çayını keçməliydilər. O da məlumdur ki, həmin vaxtlarda Salyan ərazisində Kür çayı üzərindən heç bir körpü olmayib və çayı keçmək yalnız və yalnız "sal , bərə" vasitəsiylə mümkün olub. Çox güman ki, Salyan adı da yuxarıda göstərildiyi kimi salın, bərənin sahilə yan aldığı yer mənasında Salyan olmuşdur. Əlavə olaraq onuda nəzərə almaq lazımdır ki, Salyan şəhərində, Kür çayının sahilində hamının tanıdığı "Köhnə bərə ağzi" deyilən məhəllə bu gün də mövcuddur. Ümumiyətlə, Salyan rayonunun ərazisindən Kür çayının üzərindən keçid 1946-cı ilə qədər, yəni birinci Salyan körpüsünün istifadəyə verildiyi ilə qədər yalnız sal və bərə vasitəsiylə mövcud olmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, Salyan sözünün şəhər adı kimi tarixi, Mahmudabad və Hüştəsfidən də qədimdir.

1680-ci ildə şahın fərmani ilə Salyan və Quba xanlığı birləşdirilib və mərkəzi Xudat şəhəri olmaqla 1-ci Hüseyn xanın hakimiyətinə verilmişdir. (Salyan qazisi Hüseyn xan Rüdbarinin qızıyla evlənib və şiəliyi qəbul etdiyinə görə ərmağan olaraq) Quba xanı 1-ci Hüseyinin, Salyan qazisının qızıyla nikahindan qızı doğulur. Sonralar bir qayda olaraq Salyan valiləri Hüseyn xanın həmən qızının nəslinin nümayəndələrindən təyin olunurdular.

Nadir şahın hökmranlığı dövründə 1735-ci ildə Salyan Quba xanlığının tərkibindən ayrılmış və müstəqil inzibati varlıq kimi birbaşa mərkəzi hakimiyyətə tabe olmuşdur. Həmin illərdə şəhərin valisi Həsənbəy xan olmuşdur.

1747-ci ildə Nadir şahın ölümündən sonraki dövrlərdə Azərbaycanda xaotik formada yaranmağa başlayan yeni xanlıqlar və sultanlıqlar dövrundə Quba xanı 1-ci Hüseyinin uzaq qohumu olan İbrahim Rüdbari Salyanda öz hakimiyətini bərpa edərək , Quba xanlığından ayrıldığını və özünü mustəqil xan olduğunu elan edir. Amma cox keçmir ki, Rüdbarilərin hakimiyyətindən narazı qalan Salyanın əhalisi Quba xanlığından yardim istəyir.1757-ci ildə hələ o zaman Quba xanlığının taxtina oturmamış vəlihəd Fətəli xan başçılıq etdiyi döyüşçü dəstələri ilə Salyanlıların köməyinə gəlir İbrahim Rüdbarini Salyandan qovur. Beləliklə İbrahim Rüdbarinin 8 illik hakimiyyətinə son qoyulur və Salyan xanlığı yenidən Quba xanlığının tərkibinə keçir. 1757-ci ildən 1768-ci ilə qədər Salyanın hakimi Kəlbə Əli xan olur. Ondan sonra 1782-ci ilə qədər Salyanın xani Qubad xan olur. 1782-ci ildən 1791-ci ilə qədər Salyanın xanı olmuş Şeyx Əli xan isə sonradan Quba Xanı olmuşdur.

1760-cı ildə Salyanda olan səyyah Biberşteyn öz yazılarında göstərir: "Salyanın əhalisi çoxdur və onların əksəriyyəti zəngin və varlı yaşayırlar. Burada Kür çayında balıq ovundan yaxşı gəlir əldə olunur. Vətəgələrin çoxusu Astarxan vilayətindən gələn tacirlərə icarəyə verilmişdir. İcarə haqqı ildə 50 min gümüş pulla ölçülür" 1774-cü ilin yayında Qaytaq üsmisi Əmir Həmzə Qubaya hücumu və Dərbənd qalasını mühasirədə saxlayan zaman Fətəli xan Salyana sığınır və 10 ay burada yaşayır və qoşun toplayır.

Tarixi mənbələrdə göstərilir ki, miladi təqvimi ilə 1795-ci ildə Ağa Məhəmməd şah Qacar 60 minlik qoşunla Qafqaz üzərinə yürüş edir. Şamaxı istiqamətində hücum zamanı Qacar ordusu Salyanda ciddi müqavimətlə rastlaşır. Qanlı döyüşlərdə şah ordusu coxsayli itkilər verdikdən sonra şəhər əhalisinin böyuk bir hissəsi öldürülmüş, Salyan şəhəri isə tamamilə yandırılıb dağıdılmışdır. 1797-ci uldə isə Quba Xanı Hüseyn Əli xanin təşəbüsü ilə Salyanın aşağı kəndləri olan Boyat və Qaraimanlı kəndlərinin əhalisi Salyana köçürülmüş və şəhər yenidən tikilməyə başlanmışdır. (Həmin kəndlər indi Neftçala rayonunun ərazisindədir.)

1852-ci ildə Salyan şəhərinin ərazisi 150 desyatin (təqribən 1 600 km²) olmuşdur ki, bununda 95 des. tikinti altinda olub. 1852-ci ildə Salyanda 1125 şəxsi ev olub. Bunun 1118-i müsəlmanlara, 7-si isə digər millətlərə məxsus olmuşdur. Həmən ildə Salyanda 7 məscid, 3 karvansara, 1 bazar, 5 hamam, 28 özəl müsəlman məktəbi, 5 meydan, 32 küçə, 24 bağ olmuşdur.

1863-cü ildə şəhər idarəçiliyi polis-pristav üsul idarəsinə verilib və həmən ildən şəhərin genişlənməsi başlayıb. 1863-cü il kameral siyahıya alınmada aydın olur ki, Salyan şəhərində 1292 ev 10634 nəfər sakin olmuşdur. 1868-ci ilin fevralında Çar Rusiyası zamanında Bakı quberniyası daxilində Cavad qəzası yaradılır və Salyan bu qəzanın inzibati idarəçilik və mədəni mərkəzi olur.

1881-ci ildə şəhərin ümumi torpaq sahəsi 800 desyatin olmuşdur. Həmin ildə Salyanda 12 kvartaldan ibarət olmaqla 35 küçə, 2 meydan, 1 bazar, 2 müsəlman və 1 xristian qəbirstanlığı, 1 rus və 12 türk məktəbi olduğu bildirilir. 1881-ci ildə Salyanda 2323 kərpic ev olmuşdur. 1897-ci ildə Salyanın 11787 nəfər əhalisi olub.

AXC dövründə Bakıda mənzillənən erməni-rus qüvvələri bir neçə dəfə Salyana hücum etməyə cəhd etmişdilər. 1918-ci ilin iyun ayında Bakıdan 2 zirehli, 4 nəqliyyat gəmisi ilə Xəzər dənizi vasitəsilə Kür çayının mənsəbinə gəlib çatmışdılar. Sənədlərdə gəmilərin adları da qeyd olunur: "Krasnovodsk", "Yelets", "İraq", "Bakinets", Salyanets", "Demosfen". Gəmilər Kür çayına keçmiş və erməni-daşnak quldurları çayın ətrafında olan kəndləri qarət etmiş, insanları vəhşicəsinə qətlə yetirmişdilər. Onlar Salyan yaxınlığında yerləşən Kür Qaraqaşlı kəndinə qədər gəlib çatmışdılar. Quldurlarının keçdiyi istiqamət Bankə, Seyidlər, Uzunbabalı, Tatarməhəll, Xıllı, Abasallı, Qaralı, Qəzvinli, Qarabucaq, Surra, Ərəbbəbirxanlı, Cəngən, Kür Qaraqaşlı kəndləri üzrə sıralanırdı. Ermənilər Kür çayı boyunca olan bu kəndlərdən başqa, digər yaxın kəndlərə də soxulmuşdular. 540-dan çox evi dağıtmış, yüzdən çox evi yandırmışdılar. Çoxlu sayda ərzaq məhsulları, qiymətli məmulatlar, bəzək əşyaları, qızıl və kağız pulları qarət etmişdilər. Erməni silahlılarına qarşı Salyan qəzasının vətənpərvər insanları özünümüdafiə dəstələri təşkil etmişdilər. Bu işdə Salyanın nüfuzlu ruhaniləri böyük rol oynamışlar. Onlar qəza əhalisini azğın kafirlərə qarşı cihada çağırmışdır. Mirbağır ağa Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinə kömək üçün məktubla müraciət etmişdir. Erməni-rus hərbi qüvvələri Kür Qaraqaşlıya çatdığı gündən bir gün əvvəl köməyə gələn türk hərbi qüvvələri Salyanda Kür çayı boyunca yerləşib mövqe tutmuşdular. Yerli könüllülərlə birlikdə keçmiş çar ordusunda xidmət etmiş vətənpərvər azərbaycanlı mayor Nazim Ramazanovun hərbi qüvvələri də onlara qoşulmuşdular. 5-ci Qafqaz ordusundan 100 nəfərə yaxın türk hərbi qüvvələri Salyana – köməyə gəlmişdi. Kür Qaraqaşlı kəndində Kür çayının Qaraboğaz adlanan ərazisində yerli könüllülər və türk əsgər və zabitləri döyüşə hazır vəziyyət aldılar. Qazılmış səngərlərdə türk əsgərləri ilə yerli özünümüdafiə qüvvələri birlikdə yerləşirdilər. Döyüş 1918-ci il iyunun 28-də baş verdi. Nəsir Yücəərin "Birinci Dünya müharibəsində Osmanlı ordusunun Azərbaycan və Dağıstan əməliyyatı" kitabının 106-cı səhifəsində oxuyuruq:

İyunun 28-də türk dəstəsinə hücum edən düşmən qoşunları bir nailiyyət əldə edə bilmədi, iyunun 29-da düşmənin sağ tərəfdən mühasirəyəalma təşəbbüsü milis atlıları tərəfindən dəf edildi. İyulun 2-nə dəqər davam edən toqquşmada düşmən çox pis biçimdə parçalandı və pərişan bir vəziyyətdə, milis süvari alayının təqibi altında cənuba çəkilmək məcburiyyətində qaldı.

Türklərin atdığı top atəşləri nəticəsində düşmənin bir gəmisi-"Demosfen, vurulub sıradan çıxarılır. Gəmilərin daha 3-ü ağır, 2-si isə yüngül zədə aldı. Salyanda baş vermiş birinci döyüşdə türk dəstəsindən 12 süvari şəhid olmuş, 17 süvari isə yaralanmışdı. Düşmən tərəfdən isə 192 nəfər ölmüş, 408 nəfər yaralanmışdı. Bu faktlar 5-ci Qafqaz piyada firqəsi ərkanı hərb rəisi Rüşdü Türkərin "Böyük hərbdə Bakı yollarında" kitabında qeyd edilmişdir. Salyanda ikinci ağır vuruşma 1918-ci il iyulun 12-də Novavasilyevka-Bankə xəttində olmuşdur. Döyüşdə düşmənin böyük hissəsi məhv edilmişdir. Xilas ola bilənlər isə gəmilərlə qaçmışlar. Milli dövlətimizin hərbi qüvvələri və onlara köməyə gələn qardaş türk hərbçilərinin köməyi olmasaydı, Salyanda insan qırğınlarının sayı daha da çox olardı.[2]

XX əsrin əvvəllərində Mirxalıq Abdullayev burada illik istehsal gücü 3–4 min tona çatan 3 pambıq təmizləmə məntəqəsi tikdirmişdir. Bununla yanaşı Salyanda istilik elektrik stansiyası, 4 ibtidai məktəb və kitabxana fəaliyyət göstərmişdir. Bu vaxt şəhərdə bez istehsal edən 20 kiçik toxucu müəssisə, 200 dükan, 5 ticarət bankı, 3 karvansara, gəmi körpüsü, poçt stansiyası, karantin gömrükxana, 11 mədrəsə, yeraltı hamam və xəstəxana fəaliyyət göstərmişdir. Bütün cənubi Rusiyada və Qafqazda ilk dəfə olaraq 1864-cü ildə Salyanda metroloji stansiya yaradılmışdır. 1973-cü ilə qədər indiki Neftçala rayonun ərazisi də (1939–1959 illər istisna olmaqla) Salyan rayonuna aid olmuşdur.

Coğrafi mövqeyi

redaktə

Bakıdan Salyan rayonunun mərkəzinədək məsafə 126 km-dir. Rayonun ərazisi Kür-Araz ovalığında Muğan və Cənub-Şərqi Şirvan düzlərində yerləşir. Rayonda 16 yaşayış məntəqəsi var.

Relyefi

redaktə

Rayon Şərqdən kiçik sahədə Xəzər dənizi ilə hüdudlanır. Tirə və təpəliklər Babazanlı, Xıdırlı, Bəndovan və s. var. Ərazinin çox hissəsi okean səviyyəsindən 28 metrə qədər aşağıda yerləşir. Neogen və Antropogen çöküntüləri yayılmışdır. Kürsəngi, Qalmas, Xıdırlı, Babazanlı və s. palçıq vulkanları var. Rayonun ərazisi neft və qaz yataqları ilə zəngindir. Boz-qonur, boz–çəmən, çəmən–bataqlıq, şoran torpaqlar yayılmışdır.

Geoloji quruluşu

redaktə

Neogen və Antropogen çöküntüləri yayılmışdır.

Çayları və su hövzələri

redaktə
 
Bala Kür

Rayon ərazisindən Kür çayı axır. Onun keçmiş qolu olan Bala Kürdən suvarmada geniş istifadə edilir. Akuşa çayının axmazlarında nadir və nəsli kəsilməkdə olan Azərbaycanın, o cümlədən bir sıra ölkələrin Qırmızı Kitabına salınmış şanagülə (Nelumbo caspica (DC.) Fish.) bitir. Şirvan Milli Parkının əsas hissəsi Salyan ərazisində yerləşir.

Ceyran, safsar , çöl pişiyi, qırmızıquyruq qum siçanı, Kiçik Asiya qum siçanı , levant irigürzəsi, ilanbalığı, turac, qamışlıq belibağlısı qızılı qızlarquşu , qağayı , suriya sarımsaqiyli qurbağası, fərat çapağanı, kəlləşəkilli haf o cümlədən adı Beynəlxalq Qırmızı Kitaba salınmış bir çox su-bataqlıq quşları — çəhrayı qutan, qara leylək , qızıl qaz, kiçik qu və s. canlılardan ibarətdir.[3]

Landşaftları və bioloji xüsusiyyətləri

redaktə
 
Salyan Pallas təlxəssi

Ərazinin iqlimi yayı quraq, qışı mülayim və rütubətli keçən mülayim-isti yarımsəhra və quru çöl iqliminə aiddir. Boz-qonur, boz-çəmən, çəmən- bataqlıq, şoran torpaqlar yayılmışdır. Bitki örtüyü səhra və yarımsəhra tipli, tirə və təpəliklərdən ibarət olan rayon ərazisi palçıq vulkanları ilə çox zəngindir. Əsas vulkanlar Durovdağ, Ağzıbir, Dovşan-dağı, Babazənən, Duzdağ, Qalmas, Qırovdağ, Mişovdağ, Xıdırlı, Kürsəngi, Hamamdağ, Bəndovan palçıq vulkanlarıdır. Azərbaycanın ən böyük təbiət qoruğu ərazilərindən biri — Şirvan Milli Parkı — əsasən, Salyan ərazisinə düşür. Florası yarımsəhra və səhra tiplidir[4]. Bunlar, əsasən, çoğan, cil , daziçiçək keçialacı , alaq şorangə , əvəlik, qara- şoran, ilişən , adi qazayağı, qışotu, xəzər şah- sevdisi, əzgən , cincilə, şirinbiyan, sünbüllü bağayarpaqçiçək ibarətdir. Kollardan iydə , rus itüzümü , aciliq , iti cığ , şober şorgiləsi, yulğun , adi əncir , nadir növlərdən hirkan ənciri yayılmışdır.[5]

 
Salyan Sünbüllü bağayarpaqçiçək.jpg

Geoloji təbiət abidələri

redaktə

Kürsəngi, Bəndovan, Qalmas, Mişovdağ, Durovdağ (İlandağ), Ağzıbir, Aralıq, Babazənən, Qırlıq, Dovşandağ palçıq vulkanları burada yerləşir. Babazənən palçıq vulkanının brekçiyası yerli əhali tərəfindən müalicəvi məqsədlə istifadə edilir. Vulkanın palçığı və duzlu suyu revmatizm və oynaq xəstəliklərinin müalicəsinə müsbət təsir edir.

Arxeoloji abidələri

redaktə

Kürsəngi ərazisində e.ə. II–III əsrlərə aid küp qəbirləri, orta əsrlər dövrünə aid yaşayış yeri aşkar edilmişdir. Qəsəbənin ən hündür yerində bişmiş kərpicdən tikilmiş IX–XIII əsrlərə aid qala divar qalıqları vardır. Bəndovan burnu (Şirvan Milli Parkı) ərazisində və dənizdə IX–XIII əsrlərə aid yaşayış yeri. Şirvanşahlar dövrünə aid çovustan tipli tikili qalıqları, dulus kürəsi, şirsiz və şirli saxsı qablar, əmək alətləri, şüşə bəzək şeyləri, mis və gümüş sikkələr aşkar edilmişdir.

Tarixi abidələri

redaktə

Qarabağlı kəndində orta əsrlərə aid Qarabağlı yaşayış yeri. Xələc kəndi yaxınlığında Yuxarı Xələc yaşayış yeri. Xurşud kəndi yaxınlığında Xurşud nekropolu. Marışlı kəndi yaxınlığında Marışlı yaşayış yeri.

İqlimi

redaktə

Yayı çox quraq keçən mülayim–isti iqlimi var. Orta temperatur qışda 8,5 °C, yayda isə 33,5°C-dir. İllik yağıntı 250–400 mm.-dir. İlin ən soyuq gunləri yanvarın axırlarında (-1 °C, −5 °C), ən isti günləri isə avqustun axırı və sentyabrın əvvəlinə (43 °C) təsadüf edir. Salyanda qədimdən sentyabrın isti gunlərinə "qora bişirən", "ceyranı kölgəyə qaçıran", "pambıq istisi" və bu kimi başqa adlar qoyulmuşdur.

İri yaşayış məntəqələri

redaktə

Salyan şəhəri, Plastik yaşayış massivi, Stansiya yaşayış massivi, Babazanlı qəsəbəsi.

Əhalisi

redaktə
İl Sayı
2019 139.700

Görkəmli şəxsləri

redaktə

İqtisadi xarakteristikası

redaktə
 
Ağ balıq, nərə

Rayonun kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, tərəvəzçilik və heyvandarlıq təşkil edir. Quru subtropik meyvəçilik, bostançılıq da mühüm kənd təsərrüfatı sahələridir. Salyan rayonunda plastik kütlə emalı, pambıqtəmizləmə və kərpic istehsalı zavodları fəaliyyət göstərir.

Vaxtilə rayonda böyük balıqçılıq təsərrüfatları olub. Hazırda isə respublikada realizə olunan balıq məmulatlarının böyük bir hissəsi Salyanın payına düşür. Salyan rayonu ərazisində, Kür çayından ovlanan ağ balıq və nərə qeyri-adi dada və ləzzətə malikdir. Ümumiyyətlə, mütəxəsislərin və qurmanların yekdil rəyinə görə Salyan rayonunda tutulan ağ balıq və nərə balığı dünyada ən dadlısı sayılır. Burada istehsal olunan qara kürü haqqında isə əfsanəyə çevrilmiş söhbətlər gəzməkdədir. Salyanda istehsal olunan qara kürü bütün dünyada ən baha satılan kürüdür.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

redaktə

Salyan rayonu ərazisində Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir. Muzeyin binası 1981-ci ildə inşa edilmiş, 2016-cı ildə isə yenidən qurulmuşdur. (#empty_citation)[6]

Rayonda "Qələbə" qəzeti fəaliyyət göstərir. (Təsisçilər-Salyan RİH və qəzetin jurnalist kollektivi)

 
Kür çayı
 
Köhnə su qülləsi (1943)

Rayon ərazisində yerləşən ölkə əhəmiyyətli abidələr:

I Babazanlı yaşayış yeri (e.ə. I minillik);
Marışlı yaşayış yeri (XI–XV əsrlər);
Marışlı nekropolu (e.ə II minillik);
Kürsəngi küp qəbirləri nekropolu (e.ə II–e. III əsrlər);
Mahmudabad yaşayış yeri (I–III əsrlər);
Mahmudabad küp qəbirləri nekropolu (I–II əsrlər);
Noxudlu yaşayış yeri (e.ə II minillik).
Bəndovan yaşayış yeri;

Yerli əhəmiyyətli abidələr:

Salyan yaşayış yeri;
Sarvan yaşayış yeri;
II Babazanlı yaşayış yeri;
Qırxçıraq yaşayış yeri;
Yuxarı Xalac yaşayış yeri;
Əndovan yaşayış yeri;
Xurşud yaşayış yeri;
Xurşud nekropolu;
Arbatan yaşayış yeri;
Şorsulu nekropolu;
Bəydili yaşayış yeri;
Qarabağlı yaşayış yeri.

Kitabxana

redaktə

Salyanda ilk ictimai qiraətxana 1903-cü ildə, xalq müəllimlərindən Mirzə Əziz Babazadə və Mirzə Yaqub Ələkbər oğlu Əlizadənin təşəbbüsü və zəhməti ilə yaradılmışdır. Əslində ilk qiraətxananın yaradılması 1880-ci ildə Salyanda təhsil müəssisəsinin yaradılmasına təsadüf edir. Salyan məktəbinin təsisi xalq təhsili ilə bərabər mədəni-maarif işlərinin də inkişafına xeyli təsir etdi. Bu məktəbin açılması ilə Salyanda ilk dəfə ictimai kitabxana yaradıldı. Belə ki, məktəbin açılması mərasimi münasibətilə oraya toplaşanlar "məktəb ictimaiyyət kitabxanası" adlı bir kitabxana təşkil etməyi qərara aldılar və bu məqsədlə könüllü olaraq pul topladılar. Qısa müddət ərzində 342 man. 40 qəp. toplandı. Beləliklə, ictimaiyyətin köməyilə 1881-ci il oktyabrın 1-də Salyan normal məktəbi nəzdində ilk məktəb-ictimaiyyət kitabxanası açıldı. Burada toplanılan təcrübə müstəqil ictimai qiraətxananın açılmasında mühüm rol oynadı.

Sonradan bu ictimai qiraətxana hər il kitab fondu ilə zənginləşdi və nəhayət kütləvi kitabxanaya çevrildi. Kitabxanaların müxtəlif idarələrə məxsus olması, onların fondlarının əlaqəli şəkildə komplektləşdirilməsi kitabdan daha geniş istifadə etmək məqsədilə Respublikada gedən mərkəzləşmə zamanı 1975-ci ildə Salyan Rayon Kitabxanası da Mərkəzləşdirilmiş Kitabxana Sisteminə çevrildi. 1978-ci ildə Kitabxana nümunəvi xüsusi layihə əsasında istifadəyə verilmiş yeni binaya köçdü.

Hazırda Nizami Gəncəvi adına Salyan rayon Mərkəzi Kitabxanası özündə 54 filialı birləşdirir[7]:

  • 1 uşaq kitabxanası;
  • 1 gənclər kitabxanası;
  • 47 kənd kitabxana filialı;
  • 5 şəhər kitabxanası.

Mətbəx

redaktə
 
Salyan təndiri
 
Salyan təndir çörəyi

Salyan mətbəxi öz koloritinə, zənginliyinə və dadına görə Azərbaycan kulinariyasında mühüm yerlərdən birini tutur. Salyanın yerləşdiyi coğrafi ərazi və isti iqlimi onun mətbəxinin formalaşmasında böyuk rol oynamışdır. Belə ki, yay aylarının isti günlərində ən çox şor balıq və qatıqdan hazirlanmış ovduğ deyilən içkiyə ustünlük verilir. Salyan mətbəxinin əsasını balıq xörəkləri təşkil edir. Ana Kürun və Xəzərin bol balıq məhsulları Salyanın kulinariyasına inanılmaz dərəcədə təsir göstərmişdir. Çətin 2-ci elə yer tapmaq ola ki, orada balığı Salyandakı kimi dadlı və profesionallıqla bişirib hazırlasınlar. Azərbaycanın ən müxtəlif guşələrindən, əsl təndir balığını, nərə kababını, balıq buğlamasını, dolma balığını dadmaq üçün Salyana gəlirlər. Balıq xörəkləri ilə bərabər cücə çığırtması, pomidor çığırtması, narnumuru da xüsusi zövqlə hazırlanır. Salyan təndir çörəyi, Salyan nabatı, arağnanə(ovşala), külçə çox yerdə məşhurdur.

Şəkillər

redaktə

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. "Arxivlənmiş surət" (PDF). 2016-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-07-19.
  2. "Salyanda ermənilərin törətdiyi qətliam". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-01.
  3. Hacıyev V. C. Azərbaycan florası bitkiliyinin istifadəsi və qorunması, Bakı; Eim, 1999.
  4. ƏsgərovA. M. Azərbaycanın ali bitkiləri. Azərbaycan florasınm konspekti. 3 ciiddə. Bakı: Elm, 2006–2008.
  5. Yusifov E. F. Azərbaycanın biomüxtəlifiiyi və müasir sosial-iqtisadiyyatm ona təsiri. "Həson Əliyev və Azərbaycanda ətraf mühitin davamlı inkişafmm problemləri" mövzusundakı elmi-praktik konfransm tezisləri. Bakı; EL-Alliance, 2002.
  6. AzərTAc. "Salyanda Tarix-Diyarşünaslıq Muzeyi istifadəyə verilib" (az.). Youtube.com. 03.09.2016. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-08.
  7. "Mərkəzləşdirilmiş kitabxana sistemi". 2020-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-01.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə