Aleksis de Tokvil

Aleksis de Tokvil (fr. Alexis de Tocqueville; 29 iyul 1805[1][2][…], Paris[4]16 aprel 1859[1][2][…], Kann[4]) — Fransa diplomatı, tarixçisi və politoloqu. O, ən əsas "Amerikada demokratiya" (2 cilddə, 1835 və 1840-cı il) və "Köhnə rejim və inqilab" (1856) əsərlərinə görə məşhurdur. Tokvil hər iki əsərində fərdlərin yaxşılaşdırılmış həyat standartlarını və sosial vəziyyətlərini, eləcə də onların qərb cəmiyyətlərindəki dövlət və bazarla münasibətini araşdırmışdır. Tokvilin Amerikaya səyahətlərindən sonra nəşr olunan "Amerikada demokratiya" əsəri bu gün sosiologiyasiyasi elmin ilkin əsəri hesab olunur.

Aleksis de Tokvil
fr. Alexis de Tocqueville
Doğum adı Alexis-Charles-Henri Clérel de Tocqueville
Doğum tarixi 29 iyul 1805(1805-07-29)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 16 aprel 1859(1859-04-16)[1][2][…] (54 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Təhsili
Üzvlüyü
Mükafatları "Fəxri legion" ordeni kavaleri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tokvil əvvəlcə İyul monarxiyası, daha sonra İkinci Respublika dövründə siyasi aktivist olmuşdur. Napoleon Bonapartın 2 dekabr 1851-ci ildə dövlət çevrilişi etməsindən sonra siyasi həyatından uzaqlaşmış, "Köhnə rejim və inqilab" əsəri üzərində işləməyə başlamışdır.[5] O iddia edirdi ki, Fransa inqilabının əhəmiyyəti kral XIV Lüdovikin hakimiyyəti zamanı başlamış "Fransa dövlətini müasirləşdirmək və mərkəzləşdirmək" prosesini davam etdirmək idi. Onun fikrincə, inqilabın uğursuzluğu abstrakt maarifçilik ideallarına həddən artıq bağlı olan deputatların təcrübəsizliyindən irəli gəlirdi.

Erkən həyatı

redaktə
 
Tokvilin 1817–1823-cü illərdə təhsil aldığı Fabert məktəbi, Metz

Aleksis de Tokvil 1805-ci ildə norman aristokrat ailəsində dünyaya gəlmişdir.[6] Ailənin kökləri Hastinqs döyüşünə qədər gedib çıxır. O, Fransa inqilabının qurbanlarından olan liberal aristokrat, siyasi xadim Kretian Maleşebesin nəticəsi idi. Aleksis cılız, həddən artıq həssas uşaq idi, kəskin təşviş tutmalarından əziyyət çəkirdi. Ailəsi inqilabi çevrilişlər zamanı sarsıldı, atası və anası hər ikisi həbs olundu. Atası Burbon restavrasiyası dövründə prefekt oldu[7], 1827-ci ildə X Çarlz tərəfindən per tituluna layiq görüldü.[8] Tokvil məktəbi Metzdə bitirdikdən sonra Parisdə hüquq təhsili aldı. Daha sonra Versalda polis məmuru vəzifəsinə təyin olundu, özünü bir növ siyasi həyata hazırladı, eyni zamanda, mühafizəkarlarla liberallar arasında olan qarşıdurmanı müşahidə etdi. Gələcək həyat yoldaşı ilə burada tanış olan Aleksis Qustav de Bomon adlı hüquqşünasla dostlaşdı. O, aristokratların imtiyazının azalmasının tarixi cəhətdən qaçılmaz olduğunu bəyan edən tarixçi və siyasi xadim Fransua Quidonun mühazirələrindən güclü şəkildə təsirlənmişdi.[8]

Liberalların Burbon krallarının aristokratik rejimi altında sərgilədikləri davranışlardan sonra Tokvil siyasi inkişafın modeli kimi ingilis tarixini öyrənməyə başladı. 1830-cu il İyul inqilabından sonra Orleanlı Lui Filippin hakimiyyətə gətirilməsi Tokvil üçün dönüş nöqtəsi oldu. O daha da əmin oldu ki, Fransa sürətlə sosial bərabərliyə doğru gedir. Köhnə liberal nəsli ilə əlaqəni kəsən Tokvil Fransanı artıq ingilis konstitusiyalı monaxiyası ilə deyil, demokratik Amerika ilə müqayisə edirdi. Yeni monarxiyaya sədaqət andı içməsinə baxmayaraq, devrilmiş Burbon kralı ilə olan ailə bağı onun vəziyyətini təhlükə altında saxlayırdı. O və dostu Qustav de Bomon bu narahat vəziyyətdən yaxa qurtarmaq üçün Amerikadakı mübahisəli həbsxana islahatlarını araşdırmaq məqsədilə Amerikaya getmək üçün rəsmi icazə aldı.[8]

Səyahətləri

redaktə

Tokvil və Bomon 1831–1832-ci illər ərzində Amerikada 9 ay keçirdi. Bu, onların birgə kitabı olan "Amerikadakı həbsxana sistemi və onun Fransada tətbiqi haqqında" (1833), Bomontun Amerikadakı irqçilik məsələləri ilə bağlı olan "Mari və ya Amerikada quldarlıq" (1835) və Tokvilin "Amerikada demokratiya" (1835–1840) kitabının ilk hissəsinin yazılmasına səbəb oldu. Tokvil müşahidə apararaq, amerikalıların özləri ilə danışaraq Amerika cəmiyyətinin əsas xüsusiyyətlərini anlamağa çalışıb, öz fəlsəfəsinə uyğun gələn əsas məqam olan "şəraitlərin bərabərliyi"ni vurğulamışdı. Əsərin əsas mesajı o idi ki, demokratik quruluşlu, lazımi qaydada təşkil olunmuş cəmiyyətin azadlığını qoruyub saxlamasına ümid bəsləmək olar.[8]

Tokvil Şimali Amerikadan əlavə İngiltərəyə də səyahət edib, "Yoxsulluq haqda memuar"ını yazdı. 1841 və 1846-cı illərdə Əlcəzairə getdi. İlk səyahəti onu "Əlcəzair haqda" əsərini yazmağa ilhamlandırdı. Kitabda assimilyasiyaya əsaslanan fransız müstəmləkəçilik modelini tənqid etmiş, bunun əvəzinə fərqli əhalilərin bir-birinə qarışmasının qarşısını alan ingilis idarəetmə modelinə üstünlük vermişdir.

Tokvil 1835-ci ildə İrlandiyaya səyahət etdi. Onun müşahidələri Böyük aclıqdan (1845–1849) əvvəl İrlandiyanın vəziyyətinin necə olduğunu təsvir edir, böyüyən katolik orta sinfi və katolik icarəçi fermerlərinin dəhşətli həyat şərtləri haqda məlumat verir. Tokvil bu əsərdə həm liberalizmə rəğbətini, həm də irlandlara olan yaxınlığını açıq şəkildə ifadə edir.[9]

"Amerikada demokratiya"nın ilk hissəsi ona böyük məşhurluq gətirdi. Bu vaxtlar yəqin ki, Tokvilin həyatının ən xoşbəxt və optimist dövrü idi. O, Əxlaq və Siyasi Elmlər Akademiyasının, eyni zamanda Fransa Akademiyasının "Fəxri Legion" ordeni ilə təltif edilmişdi.[8] Bu mükafatlar və kitaba görə kral ailəsindən aldığı qonararla hətta Normandiyada ata-babadan qalma qəsri də yenidən tikdirə bildi. Bir neçə il ərzində kitabı İngiltərə, Belçika, Almaniya, İspaniya, Macarıstan, Danimarkaİsveçdə nəşr olundu. O, 1836-cı ildə Meri Moteli adlı ingilis qadınla evləndi[10], növbəti 4 ilini "Amerikada demokratiya"nın 1840-cı ildə çap olunmuş son hissəsi üzərində işləyərək keçirdi.

Siyasi fəaliyyəti

redaktə

1848-ci il Fevral inqilabı zamanı İyul Monarxiyasının süqutundan sonra Qurucu Məclisinin üzvü seçilən Tokvil İkinci Respublikanın yeni konstitusiyasının hazırlanması tapşırılmış komissiyanın tərkibinə daxil oldu (1848–1851). O, iki palatalı parlamentin və respublika prezidentinin ümumi seçki hüququ ilə seçilməsinin tərəfdarı idi. Kənd əhalisinin Parisin işçi təbəqəsindən daha mühafizəkar olduğu düşünüldüyünə görə, ümumi seçki hüququ Paris inqilabi ruhuna qarşı bir vasitə hesab olundu.

İkinci Respublika dövründə Tokvil sosialistlərə qarşı monarxist və mühafizəkarlardan təşkil olunan "Parti de l'Ordre" adlı siyasi qrupla birlik oldu. Fevral qiyamından bir neçə gün sonra o, sosialistlər tərəfindən "Demokratik və Sosial Cümhuriyyət" uğrunda mübarizəyə təşviq olunan Paris işçi sinfi ilə aristokratiya və kənd əhalisini özündə birləşdirən mühafizəkarlar arasındakı şiddətli toqquşmanın qaçılmaz olduğunu bildirdi. Onun olacağını əvvəlcədən planladığı bu sosial gərginlik özünü 1848-ci il iyun qiyamları zamanı göstərdi.[11]

Tokvil general Luis Yucin Kavenyak tərəfindən elan edilən mühasirə vəziyyəti "nizamlanması"nın və konstitusiya quruluşunun dayandırılmasına imkan yaradan digər tədbirlərin tərəfdarı idi.[11] O, may-sentyabr ayları arasında yeni konstitusiyanı yazan Konstitusiya Komissiyasında iştirak etdi, prezident və onun yenidən seçilməsi ilə bağlı təkliflər irəli sürərkən Şimali Amerikadakı təcrübəsinin əhəmiyyətini vurğuladı.[12]

Xarici işlər naziri

redaktə
 
Tokvil, Milli Assambleyada konstitusiyaya yenidən baxılması üçün təşkil olunan komissiya, 1851-ci il

Luis Yucin Kavenyakın və "Parti de l'Ordre"nin tərəfdarı olan Tokvil 1849-cu il 3 iyun–31 oktyabr tarixlərində Odilon Barrot hökumətinin xarici işlər naziri olmaq təklifini qəbul etdi. 1849-cu ilin ixtişaşlı iyun günlərində daxili işlər naziri Jül Düforünü paytaxtdakı mühasirə vəziyyətini yenidən qurmağa çağırdı və nümayişçilərin həbs olunmasını təsdiqlədi. 1848-ci ilin fevralından etibarən siyasi azadlıqları məhdudlaşdıran qanunları dəstəkləyən Tokvil 1849-ci il iyun günlərindən dərhal sonra səsə qoyulan, klub və mətbuat azadlığını məhdudlaşdıran iki qanunu təsdiq etdi.[13]

Onun siyasi azadlıqları məhdudlaşdıran qanunları belə fəal şəkildə dəstəkləməsi "Amerikada demokratiya" kitabında azadlıqları müdafiə etməsi ilə təzad təşkil edir. Tokvilin sözlərinə görə, o, nizam-intizamı ciddi siyasi idarəetmənin "olmazsa olmaz"ı kimi qiymətləndirirdi. O, fransız siyasi həyatına inqilabi çaxnaşmaların təsirinə məruz qalmayan, azadlığın artmasına imkan yaradan bir stabillik gətirmək istəyirdi.[13]

1848-ci il prezident seçkilərində Tokvil Napoleon Bonaparta qarşı Kavenyakı dəstəklədi. Bonapartın 2 dekabr 1851-ci il çevrilişinə qarşı çıxan Tokvil çevrilişə qarşı çıxmaq cəhdi ilə Parisin 10-cu bölgəsinə toplaşan və konstitusiyanı pozduğuna görə Napoleonu mühakimə edən deputatlar arasında idi. Vinsensdə saxlanılan, daha sonra sərbəst buraxılan Tokvil Napoleonun İkinci imperiyasına qarşı Burbon restavrasiyasını müdafiə etdi və siyasi həyatına son verib qəsrinə çəkildi.[14]

Bioqraf Yozef Epstayn Tokvil haqda belə nəticəyə gəldi: "Tokvil özünü qəsbkar və despot hesab etdiyi bir şəxsə xidmət etməyə heç vaxt məcbur edə bilməzdi. Ürəkdən inandığı siyasi azadlıq uğrunda əlindən gələni etdi, buna ömrünün on üç ilini sərf etdi [….]. Qalan günlərini də mübarizə apararaq keçirərdi, amma işlərini kitabxanalardan, arxivlərdən və öz masasından idarə etdi.[14] Orada "Köhnə rejim və inqilab" əsərinin ilk cızma-qarasını yazmağa başladı. Kitabı ilk dəfə 1856-cı ildə nəşr etdirsə də, ikincisini yarımçıq qoydu."

Ölümü

redaktə

Uzun müddət vərəmdən əziyyət çəkən Tokvil 16 aprel 1859-cu ildə vəfat etmiş və Normandiyadakı Tokvil məzarlığında dəfn edilmişdir.[15]

Tokvil Roma katoliki olduğunu bəyan etmişdi.[16] O, dinin həm bərabərliyə, həm də individualizmə uyğun olduğunu, amma siyasətdən ayrı olarsa daha güclü olacağını düşünürdü.

Amerikada demokratiya

redaktə
 
"Amerikada demokratiya" əsərinin orijinal əlyazmasından bir səhifə

Tokvil 1835-ci ildə nəşr olunan "Amerikada demokratiya" əsərində Yeni dünya və onun çiçəklənən demokratik nizamı haqqında yazırdı. Hadisələri bitərəf bir ictimai xadim nöqteyi-nəzərindən müşahidə edən Tokvil 19-cu əsrin əvvəllərində, yəni Bazar inqilabı, Qərbə axın və Cekson demokratiyasının Amerika həyatını radikal şəkildə dəyişdirdiyi bir dövrdə ABŞ-a etdiyi səyahətlərini qeydə aldı.[16]

Coşua Kaplanın fikrincə, "Amerikada demokratiya"nın yazılmasında qarşıya qoyulan məqsədlərdən biri yox olub gedən aristokratik nizam və yeni ortaya çıxan demokratik nizam arasında hansı mövqe tutduqlarını daha yaxşı anlamaları və çaşqınlığı aradan qaldırmaları üçün Fransa xalqına kömək etmək idi.[16] Tokvil demokratiyanı azadlıq və bərabərliyin, eyni zamanda fərd və cəmiyyətə olan yanaşmanın tarazlaşdırıcısı kimi görürdü.

Tokvil azadlığın coşqun tərəfdarı idi. "Azadlığa, qanuna böyük sevgim, hüquqlara böyük hörmətim var" deyə yazmışdı. "Mən nə inqilabi partiyanın, nə də mühafizəkarın tərəfdarıyam. […] Mənim əsas arzum azadlıqdır". O, "Anqlo-amerikalıların sosial dövlətinin siyasi nəticələri" haqda belə yazır: "Lakin insan bəzilərinin ürəyində bərabərliyə qarşı korlanmış meylin olduğunu da görür. Bu, zəiflərdə güclüləri də öz səviyyələrinə endirmək istəyi yaradır və insanları köləlikdəki bərabərliyi azadlıqdakı bərabərsizlikdən üstün tutmağa vadar edir."[17]

Fransızca mətnin əvvəlki tərcümələri çox vaxt yuxarıda yazılanların quldarlıqla bağlı olduğu düşüncəsini yaratsa da, bu, doğru deyil. Yuxarıdakı tərcümə ən son tərcümə olub, 2004-cü ildə Artur Qoldhammer tərəfindən edilmişdir. İnternetdə çox sayda səhv yazılmış sitatlar mövcuddur,[18] amma onların heç birində "Amerikalıların bərabərlik vurğunu olduğu" yazılmamışdır.

Hökumətə olan yanaşması onun azadlığa inamını və fərdlərin başqalarının hüquqlarına hörmət edərkən sərbəst hərəkət edə bilməyə ehtiyac duyduqlarını özündə əks etdirir. Tokvil mərkəzləşdirilmiş dövlətin "etməyi yox, qarşısını almağı" bacardığını yazırdı.[19]

Tokvil bərabərlik haqqında şərh etməyə davam edir: "Bundan əlavə, vətəndaşların hamısı təqribi olaraq bərabər olduqda, iqtidarın həmlələrinə qarşı müstəqilliklərini qorumaq onlar üçün çətinləşir. Onların heç biri təkbaşına mübarizə aparacaq qədər güclü olmadığından, azadlığı təmin etməyin yeganə yolu hər kəsin güclərini birləşdirməsidir. Amma belə bir birləşmə hər zaman görülmür."[20]

Tokvil bərabərsizliyin kasıbların varlanmasına təkan verdiyini açıq şəkildə qeyd edir. O bildirir ki, bir ailədəki iki nəsil çox vaxt uğurlarını qoruyub saxlaya bilmir və kiminsə mülkü vərəsəlik qaydaları əsasında bölüşdürülür. Bu da kasıblarla varlılar arasında çalxantıya səbəb olur və beləcə, nəsillər boyunca kasıbı varlı, varlını da kasıb edir. O, Fransada bir mülkün varislər arasında bölüşdürülməsinin qarşısını almaqla sərvəti qoruyan və 1835-ci ildə Amerikada qəbul etdiyi, sərvət qarışıqlığına mane olan qoruyucu qanunlara istinad edir.

Vətəndaş cəmiyyəti və siyasi cəmiyyət haqda

redaktə

Vətəndaş cəmiyyəti, vətəndaş cəmiyyəti ilə siyasi cəmiyyət arasındakı əlaqələr haqda da fikir yürütməsinə baxmayaraq, Tokvilin əsas məqsədi siyasi cəmiyyətin və müxtəlif siyasi təşkilat formalarının necə fəaliyyət göstərdiyini analiz etmək idi. Georq Vilhelm Fridrix HegelKarl Marks kimi, Tokvil üçün də vətəndaş cəmiyyəti mülki məcəllə ilə tənzimlənən özəl sahibkarlıq və mülki işlər sahəsi idi. Tokvil düşünürdü ki, amerikalılar ortaq məqsəd üçün bir araya gələrək eqoist istəklərini dəf edə, beləcə, siyasi və mülki qanunlara uyğun fəaliyyət göstərən həm şüurlu və aktiv siyasi cəmiyyətə, həm də fəal bir vətəndaş cəmiyyətinə çevrilə bilər.[16][21]

Politoloq Coşua Kaplanın fikrincə, Tokvil fərdiyyətçilik konseptinin təməlini qoymadı, sadəcə onu dəyişdirdi. O, eqotizm və eqoizmi qüsur olaraq görsə də, fərdiyyətçiliyi hissi çatışmazlıq olaraq deyil, inkişaf etdirilmiş bir idrak vasitəsilə aradan qaldırıla bilən düşünmə tərzi olaraq qiymətləndirir, bu düşüncə tərzinin birlikdə işləmək istəyi kimi müsbət, təcridolma kimi mənfi nəticələri ola biləcəyini düşünürdü.[16]

Fərdiyyətçilik müsbət bir təsir qüvvəsi olanda, insanları ortaq məqsədlər üçün birlikdə işləməyə çağıranda və "düzgün başa düşülmüş şəxsi maraq" olaraq görüləndə, çoxluğun tiranlıq etmə təhlükəsini dəf etməyə kömək edir, beləcə, insanlar hökumətin köməyi olmadan "öz həyatlarını idarə edə" bilirlər.[16] Kaplanın sözlərinə görə, amerikalılar Tokvilin "çoxluğun hər şeyə qadir olması"nın susdurucu intellektual təsiri ilə bağlı tənqidlərini qəbul etməkdə çətinlik çəkir, bu mövzu ilə bağlı bir problemləri olduğunu inkar etməyə meylli idilər.[16]

Başqaları, o cümlədən katolik yazıçısı Daniel Şvindt Kaplanın izahı ilə razılaşmır. Onlar iddia edirdi ki, Tokvil fərdiyyətçiliyi eqotizmin başqa bir forması görürdü.[22] O, fikrini belə əsaslandırır:

  "Eqotizm kor bir instinktdən, fərdiyyətçilik isə korlanmış hisslərdən daha çox yanlış düşüncə tərzindən, zəkanın qüsurlarından olduğu qədər də qəlbin səhvlərindən qaynaqlanır. Eqoizm hər bir fəzilətin toxumunu məhv edir, fərdiyyətçilik isə əvvəlcə sadəcə ictimai fəziləti qurudur, uzun müddət digərlərinə hücum edib onları məhv edir və sonda eqoizmlə birləşir".[22]

 

Demokratiya və tiraniyanın yeni formaları haqda

redaktə

Tokvil müasir demokratiyanın tiraniyanın yeni formalarını yarada biləcəyi ilə bağlı xəbərdarlıq etdi, çünki radikal bərabərlik genişlənən burjuaziyanın materializminə və fərdiyyətçiliyin eqoizminə səbəb ola bilərdi. Tokvil narahat idi ki, əgər despotizm müasir demokratiyaya kök atsa, bu, Roma imperatorlarının və ya keçmişdəki digər tiranların yalnız kiçik bir insan qrupuna zərərli təsir göstərə bilən təzyiqlərindən daha təhlükəli olacaqdı.[16]

Tokvil potensiallı despotik demokratik hökuməti öz vətəndaşlarını (yəni övladlarını) ömürlük özləri ilə saxlamaq istəyən, onların iradəsini qırmayan, amma daha çox onları idarə edən və eynilə bir çobanın qorxaq heyvan sürüsünə göz qoyması kimi onlara ağalıq edən bir valideynlə müqayisə edir.[16]

Amerika ictimai müqaviləsi haqda

redaktə

Tokvil dərin araşdırma apararaq Amerikanın siyasi həyatının özünəməxsusluğunu anlamağa çalışırdı. Amerikalıları təsvir edərkən AristotelMonteskyö kimi mütəfəkkirlərlə razılaşır, mülkiyyət tarazlığının siyasi qüvvə tarazlığını təyin etdiyinə inanırdı. Ancaq daha sonra gəldiyi nəticələr sələflərininkindən kəskin şəkildə fərqlənirdi. Tokvil aristokratiyanın son çağlarında ABŞ-nin Avropadan niyə bu qədər fərqli olduğunu başa düşməyə çalışırdı. Aristokratiya etikasından fərqli olaraq, Birləşmiş Ştatlar əsas etikası zəhmətkeşlik və pul qazanmaq olan bir cəmiyyət idi. Burada adi insan misli görünməmiş bir ləyaqətə sahib idi. Adi insanlar heç vaxt elitaya baş əymirdi, fərdiyyətçilik və bazar iqtisadiyyatı kök salmışdı.

Tokvil iddia etdi ki, şimalda qələbə çalan və cənubda mövcud olan dəyərlər köhnə dünya etikasına və sosial tənzimləmələrə mane olmağa başlayıblar. Qanunverici orqanlar primojenasiya sistemini (mirasın böyük oğula çatmasından ibarət vərəsəlik sistemi) ləğv etdi, bu da daha böyük torpaq bölünməsinə səbəb oldu. Bu, yalnız böyük uşağın, əsasən də kişinin, böyük əmlakları ziyan dəymədən nəsildən-nəslə ötürmək səlahiyyətinin olduğu aristokratiya forması ilə ziddiyyət təşkil edirdi.[16]

Bunun əksinə, ABŞ-də torpaq sahibi olan kübar təbəqənin sərvətlərini primojenasiya sisteminə uyğun olaraq tək bir uşağa vermə ehtimalı daha az idi. Bu o demək idi ki, vaxt keçdikcə böyük torpaq sahələri bir neçə nəsil arasında bölüşdürüldü, bu da öz növbəsində uşaqları daha bərabər səviyyəyə gətirdi.[16] Coşua Kaplanın sözlərinə görə, Tokvil düşünürdü ki, bu, həmişə mənfi yöndə gedən bir inkişaf deyildi. Çünki böyük uşaq və bacı-qardaşlar arasında əvvəlki aristokratik quruluşa xas olan rəsmi münasibəti uşaqlar arasındakı sevgi bağları və paylaşılan təcrübələr əvəz etdi.[16] Yeni demokratiyalarda irsi sərvəti qorumaq həddən artıq çətinləşdi və daha çox insan öz yaşayışı uğrunda mübarizə aparmağa məcbur oldu.

Tokvilin də anladığı kimi, sürətlə demokratikləşən bu cəmiyyətin əhalisi çox çalışmaqla böyük sərvət yığmaq istəyən "orta" dəyərlərə bağlı idi. Onun fikrincə, bu, ABŞ-nin Avropadan niyə bu qədər fərqləndiyini izah edirdi. O iddia etdi ki, Avropada heç kim pul qazanmağa əhəmiyyət vermir. Aşağı təbəqələr minimal gəlir qazanmaqdan daha artığına ümid bəsləmir, yuxarı siniflər isə pul kimi lazımsız bir şeyə həvəs göstərməyi axmaqlıq, bayağılıq və nalayiqlik hesab edirdi.

Mülkiyyət tarazlığının güc tarazlığını təyin etməsinə baxmayaraq, Tokvil ədalətli əmlak bölgüsünün belə ən yaxşı insanların hakimiyyətini təmin etmədiyini iddia etdi. Əslində isə bunun tamamilə əksi oldu. Çünki ABŞ-ni fərqləndirən, onun üstünlüklərini və dəyərlərini müəyyənləşdirən ədalətli mülkiyyət sahibkarlığı eyni zamanda Amerikadakı kütlənin elitalara niyə hörmət etmədiklərinin də izahını verdi.[23]

Çoxluğun idarəsi və mötədillik haqda

redaktə
 
Tokvilin şəkli

Köhnə dünya aristokratiyasının məhvindən əlavə, adi amerikalılar da elitaya güzəştə getmirdi. Xüsusi istedad və zəkaya sahib elita nəticə etibarilə siyasi qüvvənin bir parçası ola bilmirdi. Həddən artıq gücə sahib olan adi amerikalılar intellektual cəhətdən özlərindən yuxarıda duran elitaya qarşı mövqelərini ictimai sferada ortaya qoydular. Tokvil bunun bərabərliyi daha açıq şəkildə ifadə etməyə kömək etdiyini, ancaq eyni zamanda, özü ilə mötədilliyi də gətirdiyini bildirdi. Belə ki, yaxşı təhsil və zəka sahibi olanların iki seçimi qalırdı. Onlar ya cəmiyyətin üzləşdiyi mühüm və mürəkkəb problemləri araşdırmaq üçün məhdud saydakı intellektual çevrələrə qoşula, ya da xüsusi istedadlarından özəl sektorda böyük sərvət toplamaq üçün istifadə edə bilərdilər. O, Amerikadan daha az düşüncə asılılığının və gerçək müzakirə azadlığının olduğu başqa bir ölkə olmadığını yazırdı.[16]

Tokvil susdurucu düşüncənin əsas səbəbi kimi çoxluğun idarəsinin hər şeyə qadir olmasını görürdü. "Çoxluq düşüncəni insanın gözünü qorxudan bir hasarla əhatələyib. Yazıçı bu ərazidə azaddır, amma burdan kənara çıxsa, vay halına. Ona görə yox ki, sorğu-sual olunma qorxusu var. Ona görə ki, hər gün təqib olunmağın bütün xoşagəlməzlikləri ilə üzləşməlidir. Siyasi karyera qurmağın qapaları onun üzünə bağlıdır, çünki açarları əlində tutan qüvvəni təhqir edib".[16] Kaplanın şərhinə əsasən, Tokvil düşünürdü ki, siyasi həyatın əsas problemi insanların həddən artıq güclü olması yox, "həddən artıq zəif" olmasıdır. O, özünü gücsüz hiss edirdi, çünki insanların özlərini "idarə edə bilmədikləri şeyin içinə süpürülüb getmiş" hiss etmələri təhlükəli idi.[16]

Köləlik, qaradərililər və yerli əhali haqda

redaktə

Tokvil "Amerikada demokratiya" kitabında Amerika mədəniyyəti və dəyərlərinin mahiyyətini açmağa çalışdı. Kolonializmin tərəfdarı olsa da, Amerika Birləşmiş Ştatlarında qaradərili insanların və yerli əhalinin məruz qaldıqları pislikləri dərk edə bilərdi. Tokvil "Amerika demokratiya"nın birinci cildinin son fəslini bu məsələyə həsr etdi, səyahət yoldaşı Qustav de Bomon isə "Mari və ya Amerikada quldarlıq" kitabında bütün diqqətini tamamilə Amerikadakı quldarlığa yönəltdi. Tokvil amerikan irqləri haqda belə yazır:

  Diqqəti ilk növbədə maarifli, güclü, xoşbəxt, mükəmməl avropalı ağdərililər çəkirdi. Onlardan aşağıda isə zəncilər və hindular dururdu. Bəxti gətirməyən bu iki irqin nə doğumu, nə üzü, nə dili, nə də başqa şeyi ortaqdır, bircə bəxtsizlikləri bir-birinə oxşayır. Hər ikisi yaşadıqları ölkədə eyni dərəcədə aşağı mövqe tuturlar; hər iki tiraniyanın təsiri altında yaşayır. Əgər iztirabları fərqlidirsə, bunun üçün eyni səbəbkarı günahlandıra bilərlər.[24]

 

Tokvil Virciniya sakinlərini Yeni İngiltərəni quran, orta təbəqəyə aid olan dindar puritanlarla qarşılaşdırır və quldarlığın alçaldıcı təsirini analiz edir:

  Virciniyaya göndərilənlər heç bir vəsaiti və xarakteri olmayan macəraçılar, coşğun və yorulmaq bilməyən ruhları ilə yeni koloniyanı təhlükə altına alan qızıl axtaranlar idi. [...] Daha sonra, hörmət baxımından heç də İngiltərdəki aşağı təbəqələrdən yuxarıda olmayan sənətkar və əkinçilər gəldilər. Bu yeni qəsəbələrin qurulmasının təməlində heç bir məğrur yanaşma tərzi, heç bir mənəvi konsepsiya durmurdu. Köləlik tətbiq olunanda koloniya demək olar ki, qurulmuşdu; bu, cənubun xarakterinə, qanunlarına və bütün gələcəyinə böyük təsir göstərəcək əsas hadisə idi. Köləlik [...] əmək adına ləkə vurur; cəmiyyətə işsizlik, bununla birgə cahillik və qürur, dəbdəbə və bəlalar gətirir. Bu, ağlın gücünü zəiflədir və insanın fəaliyyətini yavaşıdır. Təməlləri eyni ingilis təməli olsa da, şimalda çox fərqli xüsusiyyətlər meydana gəldi.[25]

 

Tokvil belə nəticəyə gəldi ki, "Amerikada demokratiya" kitabında da yazdığı kimi, zəncilərin Afrikaya geri qayıtması problemi həll edə bilməzdi:

  Əgər Liberiya müstəmləkəsi hər il minlərlə yeni sakin qəbul edə bilsə və zəncilər üstünlüklə oraya göndəriləcək bir vəziyyətdə olsaydılar; Birlik cəmiyyəti illik maddi yardımla təmin etsə və zənciləri hökumət gəmilərində Afrikaya köçürsəydi belə, bu, yenə də zəncilər arasındakı təbii əhali artımına qarşı çıxa bilməzdi; bu müddət ərzində ərazidə doğulan bütün insanlar başqa yerə köçürülə bilmədiyinə görə, ştatlarda gündən-günə artan pisliyin artmasının qarşısını almaq olmadı. Zənci irqi avropalıların ehtirasları və nöqsanlarına görə gətirildikləri Amerika qitəsi sahillərini heç vaxt tərk etməyəcək, mövcud olmağa davam etdiyi müddətcə, Yeni Dünyadan yox olmayacaq.

 

Tokvil Maria Ueston Çapmenin "Azadlıq zəngi: köləlik əleyhinə ifadə"sində nəşr etdiyi aşağıdakı mətni 1855-ci ildə yazdı:

  Düşünürəm ki, bir əcnəbi olaraq, köləliyin nə vaxt, hansı dərəcədə və kim tərəfindən ləğv olunmasını Birləşmiş Ştatlara göstərmək mənim işim deyil. Amma yenə də, istənilən yerdəki və formadakı despotizmin qətiyyətli düşməni kimi, indiki dövrdə dünyadakı ən azad insanların demək olar ki, ancaq mədəniyyətli və xristian xalqları arasında olması (şəxsi köləlik onlarda hələ də qalır) faktı məni təəssüfləndirir və heyrətləndirir. Bu köləlik Avropanın ən alçaldılmış xalqlarında artıq yoxa çıxsa da, burada hələ də yox olmayıb, yox olmaqdadır.

Amerikanın köhnə və səmimi dostu olaraq, köləliyin onun tərəqqisini ləngitməsini, ad-sanına xələl gətirməsini, əleyhdarlarının əlinə silah verməsini, Birliyin təhlükəsizliyini və böyüklüyünü təmin edəcək gələcək fəaliyyətini təhlükəyə atmasını, harada üsyana qalxacaqlarını əvvəlcə özünə, sonra düşmənlərinə bəyan etdiyini görmək məni narahat edir. Eyni zamanda, bir insan kimi, insanın insan tərəfindən bu hala salınması mənzərəsi məndə dərin təsir buraxır və ümid edirəm ki, necə ki Tanrı heç bir fərq qoymadan dünyanın bütün sakinlərinə iradə azadlığı verir, eləcə də qanun eyni imperiyanın bütün sakinlərinə bərabər mülki azadlıq verəcək.[26]

 

Assimilyasiya siyasəti haqda

redaktə

Tokvilə görə, qaradərililərin assimilyasiyası demək olar ki, mümkünsüz idi və bu, artıq özünü şimali ştatlarda göstərirdi. Tokviliin də təxmin etdiyi kimi, vətəndaş müharibəsiyenidənqurma dövründən sonra rəsmi azadlıq, bərabərlik və bölünmə qaradərililərin reallığına çevriləcək, onların həqiqi inteqrasiyasına əngəl olan bir yol olacaqdı.

Buna baxmayaraq, assimilyasiya yerli amerikalılar üçün ən yaxşı çıxış yolu idi. Çünki onlar həddən artıq qürurlu davranıb assimilyasiya etməsəydilər, nəsillərinin tükənməsi qaçılmaz olacaqdı. Yerdəyişmə Amerikanın hindu siyasətinin başqa bir hissəsi idi. Hər iki xalq "qeyri-demokratik" və ya lazımi keyfiyyətlərdən yoxsun idi, demokratiyada isə intellektuallar və başqaları yaşamalı idi. Tokvil özünün və sorakı dövrlərin mənimsənilməsi və bölünməsi ilə bağlı bir çox fikir söylədi, lakin "İnsan irqlərinin bərabərsizliyi"ndəki (1853–1855) Artur de Qobino nəzəriyyələrinə qarşı çıxdı.

Birləşmiş Ştatlar və Rusiyanın gələcək qlobal güc olması haqda

redaktə

Tokvil "Amerikada demokratiya" kitabında iki əsas qlobal güc kimi üstünlüyün həm ABŞ-də, həm də Rusiyada olacağının proqnozunu verir. Kitabda belə qeyd edir: "Dünyada başlanğıcını fərqli nöqtələrdən götürən, amma eyni hədəfə doğru irəliləyən iki böyük millət var: ruslar və anqlo-amerikalılar. […] Sanki hər biri bir gün dünyanın yarısının taleyini öz əlində tutmaq üçün ilahi qüvvə tərəfindən gizlincə çağırılıb".[27]

Sivil jüri xidməti haqda

redaktə

Tokvil Amerikadakı jüri sisteminin vətəndaşların özünüidarəetmə və qanunun aliliyi mövzusunda məlumatlandırılmasında xüsusilə vacib rol oynadığına inanırdı.[28] O, sivil jüri sisteminin demokratiyanın ən effektiv göstəricilərindən biri olduğunu tez-tez dilə gətirirdi, çünki bu, vətəndaşlar və ədliyyə sisteminin əsl ruhunu bir-biri ilə əlaqələndirirdi. Tokvil 1835-ci ildə "Amerikada demokratiya" kitabında belə izah verir: "Jüri, xüsusi də sivil jüri hakimlərin ruhu ilə bütün vətəndaşların şüuru arasında əlaqə qurmağa xidmət edir; vərdişləriylə birgə, bu ruh azad qurumların yaranması üçün ən yaxşı hazırlıq növüdür. […] Bu, hər bir vətəndaşa müəyyən hakimiyyət verir, onların hamısını cəmiyyət qarşısında icra edəcəkləri vəzifələri və hökumətdə tutduqları yeri anlamağa vadar edir".

Tokvil düşünürdü ki, jürinin xidməti bütün cəmiyyətə fayda verməkdən əlavə, jürinin vətəndaşa xas keyfiyyətlərini də artırırdı. Jüri sisteminə görə "onlar qanunun aliliyi haqqında daha yaxşı məlumatlandırıldılar və dövlətlə daha yaxından əlaqə qurdular. Buna görə də, mübahisələrin həllinə verdikləri töhfələrdən asılı olmayaraq, jüridə iştirakın jüri üzvlərinin özünə də faydalı təsirləri var idi".[28]

Əlcəzairin fəthi haqda 1841-ci il diskussiyası

redaktə

Müstəmləkəçilik haqda yazan fransız tarixçisi Olivie Likö Qrandmeyson Tokvilin (eləcə də Jül Mişelin) Qərbi Amerika Birləşmiş Ştatlarının müstəmləkəçiliyini və hinduların zorla çıxarılması dövründə baş verənləri təsvir etmək üçün "soyqırım" ifadəsindən necə istifadə etdiyini vurğuladı.[29] Tokvil 1841-ci ildə Əlcəzairin fəthi ilə bağlı fikirlərini belə ifadə etdi:

  Fikrimcə, mən Afrikadan müharibə aparmaq tərzimizə görə ərəblərin özlərindən daha barbar olduğumuza dair acınacaqlı bir fikirlə qayıtdım. Bu günlər sivilizasiyanı onlar təmsil edir, biz yox. Bu cür müharibə aparmaq mənə qəddar olduğu qədər də axmaq görünür. Bu fikir yalnız kobud və qəddar bir əsgərin başında ola bilər. Türklərin nifrət edilən (haqlı olaraq) cəhətlərini yenidən yaratmaq üçün onların yerini dəyişmək həqiqətən də mənasız idi. Bu, maraq naminə belə olsa, faydalı olmaqdan daha çox təhlükəlidir; başqa bir məmurun da mənə dediyi kimi, əgər yeganə məqsədimiz türklərə bərabər olmaqdırsa, əslində onlardan da aşağı vəziyyətdə olacağıq: barbarlar uğrunda barbar olmaq. Türklər müsəlman barbar olduqları üçün bizi həmişə üstələyəcəklər. Fransada hörmət etdiyim, lakin razılaşmadığım bəzi insanların şikayətlənməsini tez-tez eşitmirəm; onlar deyir ki, məhsullar yandırılmalı, taxıl anbarları boşaldılmalı və nəhayət, silahsız kişilər, qadınlar və uşaqlar ələ keçirilməlidir. Məncə, bunlar ərəblərə qarşı müharibə etmək istəyən hər kəs qəbul etməli olduğu talehsiz hallardır. [...] Vəziyyət hər nə olursa olsun, ümumi olaraq deyə bilərik ki, Əlcəzairdəki bütün siyasi azadlıqların qarşısı alınmalıdır".[30][31]

 

Tokvil Əlcəzairin fəthinin iki səbəbdən ötrü vacib olduğunu düşünürdü: birincisi, onun beynəlxalq vəziyyəti və Fransanın dünyadakı mövqeyini başa düşməsinə görə; ikincisi, Fransa cəmiyyətindəki dəyişikliklərə görə.[28]

General Büijunun metodlarını alqışlayan Tokvil daha da irəli etdi və bunları iddia etdi: "Afrikadakı müharibə bir elmdir. Hər kəs onun qaydaları ilə tanışdır və demək olar hər kəs bu qaydaları uğurla tətbiq edə bilər. Marşal Büjunun ölkəsinə göstərdiyi ən böyük xidmətlərdən biri bu elmi yayması, mükəmməlləşdirməsi və hər kəsi bu yeni elmdən xəbərdar olmağa vadar etməsidir".[32]

Kabiliyanın işğalı haqda fikirləri

redaktə
 
Tokvilin 1849-cu ildə Onore Domie tərəfindən çəkilmiş karikaturası

Olivie Likö Qrandmeysona qarşı çıxan Jan Lui Büno dedi ki, Əlcəzairin müstəmləkə halına salınması dövrdə irqi ayrı-seçkiliyin baş alıb getməsini nəzərə alsaq, Tokvil bu fikrin coşqun tərəfdarlarından deyildi və onun Büijunun dəstəklədiyini demək yanlış idi. Belə görünür ki, 1846-cı ildə Əlcəzairə etdiyi ikinci ziyarətdən sonra Tokvil fikirlərini dəyişmişdi, çünki Büijunun 1847-ci ildə assambleyada söylədiyi nitqdə Büijunun Kabiliyaya hücum etmək istəyini tənqid etdi.

Tokvil fransızların nəzarəti altına keçən ərəblər üçün ayrıca qanunun, idarəçilərin, məktəblərin və s. olmasının tərəfdarı idisə də, eyni zamanda Kabiliya tayfalarını "vəhşi" adlandıraraq onları tənqid etmiş, bütün bunlara uyğun olmadıqlarını demişdi.[33]

Tokvilin bu mövzu haqda fikirləri mübahisəli idi. O, Əlcəzairdəki 1941-ci il bəyənatında Büujinin Əmir Əbdülqadirin müqavimətini qırmasını alqışlasa da, sonralar Əlcəzair haqda yazdığı məktubunda fransızların Kabiliyanın dincliyini pozmadan oranı tərk etməsi fikrini müdafiə etmiş, yazılarında və çıxışlarında Kabiliyanın işğalına qarşı çıxmışdır.

1846-cı ildə fondla bağlı keçirilən danışıqda Tokvil Büijunun hərbi əməliyyatlarına qarşı çıxmış və Assambleyanın onun hərbi dəstəsinə maddi yardım göstərməməsinə nail olmuşdur.[34] Assambleyanın əksinə, o, Büijunun Kabiliyanı işğal etmək planını özündə dövlətin qorxaqlığını əks etdirən təhrikedici bir hərəkət hesab edirdi.[35][36]

1847-ci il "Əlcəzair bəyənatı"

redaktə

1847-ci il "Əlcəzair bəyənatı"nda bildirdi ki, qanlı sonluğun olmaması üçün Avropa Amerikanı müstəmləkəsinə çevirən zaman etdiyi səhvləri yenidən etməməlidir[37]. O, xüsusən də öz ölkəsinin vətəndaşlarına xəbərdarlıq etdi ki, əgər Əlcəzair xalqına qarşı istifadə edilən üsullar dəyişməsə müstəmləkəçilik qan gölünə səbəb olacaq. Tokvil hesabatda həmçinin bildirdi ki, onların əsgərlərinin və maddi vəziyyətlərinin taleyi Fransa hökumətinin Əlcəzairin əhalisinə (müxtəlif ərəb tayfaları, Atlas dağlarında yaşayan müstəqil kabillər və güclü siyasi lider Əmir Əbdülqadir daxil olmaqla) necə münasibət göstərməsindən asılıdır. O, Əlcəzairlə əlaqəli müxtəlif məktub və esselərində bir Avropa ölkəsinin imperializmə olan yanaşmasının necə ziddiyyətli ola biləcəyini müzakirə edir, "üstünlük" adlandırdığı şeylə "müstəmləkəçilik" arasındakı fərqə diqqət çəkirdi.[31]

Tokvil ticari gəlir vəd edən torpaqların və keçidlərin əldə edilməsini və qorunmasını vurğulayırdı. O, Əlcəzair limanı və Cəbəllütariq boğazı üzərində nəzarətin əhəmiyyətli olduğunu hesab etsə də, bütün Əlcəzairin siyasi proseslərinə birbaşa nəzarət olunması haqda eyni fikirdə deyildi. Beləliklə, müəllif sadəcə kommersiya baxımından əhəmiyyətli olan sahələrin müstəmləkə halına salınması fikrini müdafiə edirdi.[31]

Tokvil bildirirdi ki, hər nə qədər xoşagəlməz olsa da, zorakı vasitələrlə hökmranlıq etmək müstəmləkəlik üçün önəmlidir və müharibə qanunları buna haqq qazandırır. Bu cür qanunlar ətraflı şəkildə müzakirə edilmir, ancaq Fransanın Əlcəzairdəki missiyasının özünümüdafiə yox, ticari və hərbi maraq olduğu nəzərə alınsa, belə nəticəyə gəlmək olar ki, Tokvilin dedikləri "Sadəcə müharibə nəzəriyyəsi"nin "müharibə etmək haqqı" (jus ad bellum) kriteriyası ilə üst-üstə düşmür. Bundan əlavə, onun düşmən ərazisindəki mülki yaşayış yerlərini ləğv etmək üçün güc tətbiq edilməsini dəstəklədiyi nəzərə alınanda aydın olur ki, Tokvilin yanaşması "Sadəcə müharibə nəzəriyyəsi"nin "mütənasiblik" və "ayrı-seçkilik" kriteriyalarına da uyğun gəlmir.[38]

Köhnə rejim və inqilab

redaktə

Tokvil 1856-cı ildə "Köhnə rejim və inqilab" adlı kitabını nəşr etdirdi. Kitab Fransa inqilabından əvvəlki Fransa cəmiyyətini təhlil edir və inqilaba səbəb olan qüvvələri araşdırır.

Populyar ədəbiyyatdakı istinadlar

redaktə

Tobi Yanq "Dostları necə itirməli və insanları necə uzaqlaşdırmalı" adlı xatirələrinin bir neçə fəslində Tokvildən sitatlar gətirərək, Harvard Universitetində keçirdiyi vaxt ərzində intellektual elitalar arasında müşahidə etdiyi geniş yayılmış düşüncə eyniliyini izah edir. Tokvil Avstraliya yazıçısı Piter Kerinin 2009-cu ildə nəşr olunmuş "Amerikada tutuquşu və Olivier" romanının ilham mənbəyi olmuşdur.[39]

Əsərləri

redaktə
  • Amerikadakı Aleksis de Tokvil və Qustav de Bomon: onların dostluğu və səyahətləri (2011) — Bura müəllifin əvvəllər dərc olunmamış məktubları, esseləri və digər yazıları daxildir.
  • ABŞ-dəki penitensiar sistem və onun Fransada tətbiqi haqda (1833) (Du système pénitentaire aux États-Unis et de son application en France) — Qustav de Bomonla birgə yazılıb.
  • Amerikada demokratiya (1835/1840) (De la démocratie en Amérique) — kitab birincisi 1835, ikincisi 1840-cı il olmaqla iki cilddə nəşr olunub.
  • Köhnə rejim və inqilab(1856) (L'Ancien Régime et la Révolution ) — Tokvilin ən məşhur ikinci əsəridir.
  • Xatirələr (1893) — Əsər 1848-ci il inqilabı haqda xüsusi məcmuə idi. Tokvil ömrü boyu bu əsəri heç nəşr etdirmək fikrində deyildi. Kitab ölümündən sonra həyat yoldaşı və dostu Qustav de Bomon tərəfindən nəşr edilmişdir.
  • Amerikaya səyahət (1831–1832) — Əsər müəllifin Amerikaya səyahət zamanı yazdığı gündəlikdir.
  • Fransanın əvvəlki və sonrakı ictimai və siyasi vəziyyəti (L'Etat social et politique de la France avant et depuis) (1789)
  • Yoxsulluq haqda xatirə: İctimai xeyriyyəçilik faydasız və asılı bir sinif yaradır? (1835) — Bu, Tokvilin ən az tanınan əsərlərindən biridir.
  • İngiltərə və İrlandiyaya səyahətlər (1835)

İstinadlar

redaktə
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Alexis, Charles, Henri Clérel De Tocqueville // Sycomore (fr.). / Assemblée nationale
  3. 1 2 Fransa Akademiyası. 1635.
  4. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118642871 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. Paul R.Hansen. Contesting the French Revolution. Wiley-Blackwell. p. 3. ISBN 978-1-4051-6084-1.
  6. "Arxivlənmiş surət". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
  7. "Arxivlənmiş surət". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
  8. 1 2 3 4 5 "Arxivlənmiş surət". 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
  9. Aleksis de Tokvil (1990). İrlandiyaya səyahət, iyul–avqust 1835
  10. "Arxivlənmiş surət". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-10.
  11. 1 2 Aleksis de Tokvil. Yadigarlar (1999), 3-cü hissə, səhifə 289–290
  12. Kouto Arnaud, Tokvil və demokratik konstitusiya (fr. Tocqueville et la constitution democratique) (2008), səhifə 680. Həmçinin bax: "Le blog de arnaud.coutant.over-blog.com". Arxivləşdirilib 2022-02-18 at the Wayback Machine
  13. 1 2 Yozef Epstayn, Aleksis de Tokvil: Demokratiyanın bələdçisi (2006), səhifə 148.
  14. 1 2 Yozef Epstayn, Aleksis de Tokvil: Demokratiyanın bələdçisi (2006), səhifə 160.
  15. Aleksis de Tokvil, Amerikada demokratiya (2000), səhifə 282–283.
  16. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Coşua Kaplan (2005). "Siyasi nəzəriyyə: klassik mətnlər və onların davam edən əlaqəsi" (ing. Joshua Kaplan (2005), "Political Theory: The Classic Texts and their Continuing Relevance")
  17. Aleksis de Tokvil, "Amerikada Demokratiya". I cild, I hissə, III fəsil
  18. Köləlik haqda sitatlar[ölü keçid]
  19. Aleksis de Tokvil, "Amerikada Demokratiya". I cild, I hissə, V fəsil
  20. "Arxivlənmiş surət". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-20.
  21. Pavel Zaleski (2008). "Tokvil mülki cəmiyyət haqda. Sosial reallığın dikromatik strukturuna romantik baxış" (ing. "Tocqueville on Civilian Society. A Romantic Vision of the Dichotomic Structure of Social Reality"). Archiv für Begriffsgeschichte. Feliks Mayner Verlaq. 50. ISSN 0003–8946 Arxivləşdirilib 2020-06-13 at the Wayback Machine
  22. 1 2 Daniel Şvindt (yanvar, 2014). "Tokvilin Tokvil üsulu ilə təkzibi Arxivləşdirilib 2020-05-18 at the Wayback Machine" (ing. Daniel Schwindt, "Refuting Tocqueville by Way of Tocqueville"). Ethika Politika
  23. Alan de Benoist, Demokratiyanın problemi (2011), səhifə 20.
  24. "Amerikadakı Demokratiya"nın 18-ci fəslinin başlanğıcı, "Amerika Birləşmiş Ştatlarının ərazisində yaşayan üç irqin indiki və ehtimal edilən gələcək vəziyyəti".
  25. Aleksis de Tokvil, Amerikada demokratiya (1945), səhifə 31-32.
  26. Aleksis de Tokvil, Toplu əsərləri (Oeuvres completes), səhifə 1663-1664.
  27. Aleksis de Tokvil, Amerikada demokratiya, səhifə 412–413.
  28. 1 2 3 "Valeri P. Hans, Con Qastil, Trasi Feller, Məşvərətçi demokratiya və amerikan sivil jürisi". 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-09.
  29. Olivie Likö Qrandmeyson, fr. Le négationnisme colonial
  30. Aleksis de Tokvil, Toplu əsərləri (fr.Oeuvres completes), 1991, səhifə 704-705.
  31. 1 2 3 "Olive Likö Qrandmeyson, Əlcəzairdə işgəncə: Fransanı təqib edən keçmiş qanunlar - azaqlıq, bərabərlik və koloniya". 2022-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-09.
  32. Aleksis de Tokvil, Toplu əsərləri (fr.Oeuvres completes), 1991, səhifə 806.
  33. Brayn Kis Aksel (17 may, 2002). Haşiyələrdən: Traixi antropologiya və onun gələcəyi (ing. From the Margins: Historical Anthropology and Its Futures) . Duke University Press. p. 135.
  34. Aleksis de Tokvil, Toplu əsərləri (Oeuvres completes) (1962), səhifə 299–300.
  35. Aleksis de Tokvil, Toplu əsərləri (Oeuvres completes) (1962), səhifə 303.
  36. Aleksis de Tokvil, Toplu əsərləri (Oeuvres completes) (1962), səhifə 299–306.
  37. Jan-Lui Benua, Tokvilin lehinə sübutlar
  38. Aleksis de Tokvil, İmperiya və köləlik haqda yazılar (2001), səhifə 57–64, 70–78.
  39. "Amerikada tutuquşu və Olivier". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-10.